AZ

Alimlər kursu nun mütəvaze şairi

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nizami CƏFƏROV

Bu günlərdə 70 yaşı tamam olan şair Bəhram Əliyevin "Bir odlanmış papirosam" şeirlər kitabı nəşrə hazırlanıb. Kitaba ön sözü şairin tələbəlik dostu akademik Nizami Cəfərov yazıb. Yubiley münasibətilə həmin ön sözü və şairin iki şeirini oxuculara təqdim edirik.

Bəhram Əliyev yaradıcılığa çox gənc yaşlarında başlayıb şeirlərini ara-sıra müxtəlif mətbuat orqanlarında, sosial şəbəkələrdə mütəvaze bir qürurla nəzərlərə çatdırsa da, ilk dəfədir ki, onun poetik yaradıcılığı bütövlükdə ayrıca kitab şəklində, necə deyərlər, bir küll halında oxuculara təqdim edilir. Əslində, ilhamının qaynarlığına, düşüncələrinin ideya-estetik təravətinə, ifadə-üslub imkanlarının genişliyinə rəğmən, Bəhramın özünə qalsaydı, belə bir kitabın çıxacağı da şübhə altında idi. Onun yaradıcılığına (və şəxsiyyətinə!) yarım əsrə qədərdir ki, hörmətlə yanaşan tələbə yoldaşları, dostları şairin 70 illik yubileyi münasibətilə bu şeirlər toplusunu nəşr etməyə qərar verdilər.

Bəhram bizim - 1977-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1982-ci ildə həmin fakültəni bitirənlərin tələbə, bəzilərimizin isə həm də yataqxana yoldaşı olub. Və bu yataqxana məsələsini mən ona görə qabardıram ki, yataqxana o zamanlar bütün çətinlikləri, maddi və mənəvi qayğıları ilə tələbə həyatının ayrılmaz tərkib hissəsi idi. Universitetə orta məktəbi bitirdikdən bir neçə il sonra qəbul olmuş tələbələr dərhal daxil olmuşlardan müəyyən həyat təcrübəsi, təmkini, bir az da ağayanalığı ilə fərqlənirdilər ki, onlardan biri də Bəhram idi. Hər işdə nizam-intizama, səliqə-səhmana riayət eləməsi, gücü çatan səviyyədə haqqı nahaqqa verməməsi çox qısa bir zamanda ona ünsiyyətdə olduğu hər kəsin xüsusi sayğısını, hörmətini qazandırmışdı. Və xüsusi münasibətin bir səbəbi də heç şübhəsiz, sevib seçdiyi (və öz şəxsiyyətini təsdiq etmək istədiyi!) sahədəki aydın sezilən istedadı idi. O, ədəbiyyatla elə ilk illərdən kifayət qədər peşəkarlıqla məşğul olmaqla yanaşı, daha çox onun "insanşünaslıq" adlandırdığımız sosial-psixoloji tərəflərini dərk etməyə çalışırdı. Bəlkə, ustad Bəhram Mansurovun adını daşımasından, bəlkə, özünün emosional (ancaq məqsədyönlü, harmonik) təbiətinin təsirindən irəli gəlirdi, bəlkə də, hər ikisinə görə idi, Bəhram yaxşı tar çalırdı.

Onun xarakterinin (əslində, insanlığının!) bir üstün cəhəti də vardı: görürdün ki, boylu-buxunlu, daxilən olduğundan zahirən daha ötkəm tələbə yoldaşları bu bəstəboy, bədəncə zərif oğlanın qarşısında dayanıb dediklərinə qulaq asırlar. Bunun səbəbi təkcə o deyildi ki, Bəhram səmimi, müdrik, obyektiv məsləhətlər verə, ortaya çıxmış hər hansı konflikti həll edə, yaxud ən azından müəyyən müddətə (tərəflərin ağlı başına gələnə qədər) qarşısını ala, sakitləşdirə bilirdi, həm də (və bəlkə də, başlıcası!) o idi ki, bütün bunları ürəkdən, öz işi kimi, təmənnasız görür və "tarixi xidmət"lərini heç kimə bildirmirdi.

Bəhram tələbə yoldaşları ilə ünsiyyətə girməyi, onlarla mənən-ruhən bir yerdə olmağı nə qədər xoşlasa da, münasibətlərdəki korrektliyi də gözləyirdi. Və onun kimlərləsə zarafatları, zərif, Türkiyə türkləri demiş, takılmaları xətrədəyən zarafatlara yox, yaradıcılıq aktına, əgər belə demək olarsa, müəyyən səciyyəvi bir vəziyyəti obrazlı şəkildə əks etdirən sənət əsərinə çevrilirdi. Məsələn, tələbə yoldaşlarımızdan tez-tez eşqə düşənlərə "yar əhli", şuluqluq edənlərin qarşısını alanlara "zor əhli", hər ləzzətini alandan sonra dünyadan əl çəkib ona "yuxarıdan aşağı" baxanlara "hal əhli" deyirdik ki, bu canlı obrazların yaranmasında Bəhramın xidmətləri, yəqin ki, hamıdan çox idi. Xüsusi olaraq əlavə etmək istəyirəm ki, sözügedən obrazlar əvvəl bir şəxsin - prototipin timsalında ortaya çıxmışdı. Zaman keçdikcə yeniləri meydana çıxıb bizim bədii təfəkkürümüzün nə qədər həyati, nə qədər realist (və perspektivli!) olduğunu təsdiq etməyə başladı.

Bu kitabda toplanmış şeirlərin o qədər də çox olmayan bir qismi tələbəlik illərində qələmə alınmışdır. Onların birində gənc şair deyir:

Üzün tökülsün, ay şəhər!

Bir əlcə-əlcə arxasız,

pənahsız kənd uşağını

pərən-pərən salmısan küçələrinə.

Ev axtarırlar,

otaq axtarırlar.

Bir gecəlik yataq axtarırlar

(otaq hardadır,

yataq hardadır?)

Qaş qaralanda

vağzalın quru taxtası olur yatağı

ağrıdan ayağı sızıldayan

bu kənd uşağının.

- Of, nənən ölsün, ay bala!

- Üzün tökülsün, ay şəhər!

Üzün vağzal üzüymüş...

Üzün bazar üzüymüş...

Üzün...

Üzün tökülsün, ay şəhər!

Mən Bəhramın 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində yazdığı tələbəlik şeirlərini şedevr kimi təqdim eləmək fikrində deyiləm, ancaq bu şeirlərdəki o dövrün tələbələri üçün tanış, doğma hisslərin olduqca təbii ifadəsinin doğurduğu nostalgiyanın üstündən də laqeyd keçə bimərəm. Çünki bu şeirlərdə tələbə həyatının olduqca səciyyəvi hadisələri, mənzərələri heç bir mübaliğəyə yol verilməyən (ancaq təbiəti, bəlkə də, mahiyyəti etibarilə mübaliğəli olan) sadəlövh bir təhkiyə ilə ifadə edilir:

Yataqxanamızın dörd nəfərlik otağı.

Külək əsir vıyıltıyla...

...Pəncərəmdən o yan şaxta,

Zil qaranlıq,

Quduz külək

Pəncərəmdən bu yandasa

gur işıqlı sakit otaq - isti yerim.

Pəncərəmdən o yandakı

qaranlıqdan o tərəfdə

bir nağıllı otaq da var...

Evimizə qurban olum,

evimizi istəyirəm.

Universiteti qurtardıqdan sonra Bəhramın nağılları yavaş-yavaş bitir. Və görür ki, daha göydən alma-filan düşmür... Dərd düşür, azar düşür... Yusif Səmədoğlu demiş, "dərd də azar kimi gələndə batmanla gəlir".

Şairin şeirlərində duyduğum təəssüratlara onun tərcümeyi-halının (və tarixin!) xronologiyası kontekstində baxmağa çalışıram. Və görürəm ki, burada şəxsi-fərdi ağrılarla ictimai ağrılar arasında ortaq bir harmoniya axtarışı var. Mən buna, sadəcə, dərdli dərdini tapar deyib Bəhramın da çox yaxşı bildiyi istər xalq, istərsə də yazılı ədəbiyyat klassiklərindən nümunələrlə müqayisə etmək istəməsəm də, Aşıq Ələsgərin məşhur misrasını xatırlatmaq istəyirəm:

Dərd alıb, qəm satıb nəf eyləmişəm.

Bəhram da deyir ki:

Dərd də dərdlərin gözəli...

Ürəyim bir bağça imiş...

O bağçada dərd əkmişəm,

Dərdin əlvan güllərindən Özümə

köynək tikmişəm.

Dərdim hər kəsdən vəfalı -

Anamtək laylamı çalıb,

Sevdiyim kimi sarılır.

Mən də nazını çəkmişəm.

Dərdi əmanət Sən verdin

Əkdim, Eşqimlə becərdim.

Çürüyüb qurumaz dərdim -

Gözlərimdən su tökürəm.

Bəhram burada Füzuli ilə Aşıq Ələsgər arasındakı çoxdan kol-kos basmış sələflərə məxsus yolu əsl xələf kimi keçir. Və yalnız şair yox, həm də ədəbiyyatşünas kimi tarixə yoldaşlıq edir.

Onun bədii-ictimai məzmun-mündəricəsi etibarilə həm etik, həm də estetik baxımdan təhlil obyekti ola biləcək bir obraz - konsepti də var ki, onun adı, sadəcə, Adamdır:

Min ildir yollardasan

İllərin ərşini

yollara arğac hörüb,

uzaqlardan gəlirsən

Səni bu yollarda

çoxları görüb,

çoxları yorub, Adam.

Xəyallarının xoşbəxti -

bu dünyada qərib Adam...

Bu gözəl (və uzun) şeirin baş qəhrəmanının nə dərəcədə Bəhramın Özü olduğunu deyə bilmərəm, ancaq aşağıdakı misralar hərfi hərfinə, rəngi rənginə və ahəngi ahənginə Bəhramın avtoportretidir:

Məni bu dünyada çox aldatdılar,

Özüm də özümü az aldatmadım.

Yolum bir yol düşdü bu qart bazara,

Heç nə alammadım, heç nə satmadım.

...Tilsimli yolların çıxdım ağına,

Soldan işıq düşdü, getdim sağına.

Ümidlər dalınca divlər dağına

Az getdim, üz getdim... axır çatmadım.

Söykəyib yastığa nəmli üzümü,

Qucub ümidləri, yumdum gözümü.

Pozulub yuxumun dəji, düzümü,

Hər an könlümdəsən, yatdım, yatmadım.

Bəhram şeirlərini - heç bir ad almadan, layiq olduğu şöhrətə çatmadan mütəvaze bir məsuliyyətlə yazır: bəzən sosial rəngləri tündləşdirir; bəzən ciddi mətləblərin üzərindən keçir; bəzən hecada sərbəstə, bəzən sərbəstdə hecaya nəfəs verir; bəzən ədəbiyyatın hüdudlarını aşıb fəlsəfi düşüncələrə meydan açır, bəzən də fəlsəfənin ehkamlarına məhəl qoymadan "ədəbiyyatın fəlsəfəsi" adlandırdığımız boş çöllərdə, səhralarda atını sağa-sola səyirdir.

Bütün bu dərinliklərə nə mən, nə də tələbə yoldaşlarımız vara bilərik. Ən azı ona görə ki, ondan çox alim yetişdirmiş bizim kursdan yeganə adamdır, özündə təpər tapıb gizli-gizli (və mütəmadi!) şeir yazır. Və İnsanı mənəviyyatın (poeziyanın!) xilas edəcəyinə inanır. Özü də hər il, hər ay, hər gün. Odur ki, hər şeirinin yazılma yeri ilə yanaşı, yazılma tarixi var... Günü, ayı, ili ilə...

Bəhram ƏLİYEV

Bu dünyanın dərdlərinə

Öz könlümü tuş elədim.

Udub dərdin havasını

Dərdlərimi nuş elədim.

Həsrət qalıb nəfəsinə

Yaşadım qəm həvəsinə.

Kədərin, dərdin səsinə

Qulaq verdim, guş elədim.

Dərd bürüdü hər küncümü,

Ala bilmədim dincimi.

Əldən çıxan sevincimi

Uçub gedən quş elədim.

Qovruldum mən bu kürədə.

Bir avaz gəldi hərədən.

Dağıldılar yan-yörədən,

Dərdləri sirdaş elədim.

lll

Sunayla Nazlıya

(Nəvələrimə)

Dünyamızı bəzədiniz doğulub.

Dünyamıza gəlişiniz mübarək!

Gülüşünüz südlə baldan yoğrulub.

Can dərmanı gülüşünüz mübarək!

Yeridiniz - Yer sevindi, güldü Gün.

Dünyanın da dadı artdı həmin gün.

Təzələndi həyatımız büsbütün,

Addımınız, yerişiniz mübarək!

Oyuncaqlar - silahınız, ordunuz.

Yenilməyən qalaları qurdunuz.

Divarlara təzə naxış vurdunuz.

Divardakı əl işiniz mübarək!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
525.az

1Mənbələr