Xəstəxana iki şəhər - Gəncə və Naftalan, eləcə də 9 rayon - Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Göygöl, Samux, Goranboy və Daşkəsəndə yaşayan təxminən 1,4 milyon nəfərə xidmət göstərəcək.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev xəstəxananın fəaliyyətə başlamasını Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi diqqət və qayğı kimi dəyərləndirib, dövlətimizin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar - tibb müəssisələrinin yenidən qurulması, onların ən müasir avadanlıqlarla təchiz olunması, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətləri kimi qiymətləndirib.
TƏBİB-in icraçı direktorunun müşaviri Anar Ağayev və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov çıxışlarında əhaliyə tənəffüs sisteminin spesifik və qeyri-spesifik xəstəliklərinin müalicəsi, diaqnostikası və profilaktikası ilə bağlı tibbi xidmət göstərəcək Şəmkir regional xəstəxanasında yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, xəstəxanada vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün lazım olan hər cür şərait var.
Açılış mərasimindən sonra iştirakçılar xəstəxanada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, xəstəxanada iş prosesinin səmərəli təşkili üçün inzibati hissədə tam şərait yaradılıb. Həyat funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb edilən şəxslərə reanimasiya və intensiv terapiya bokslarında xidmət göstəriləcək. Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri və avadanlıqlarla təchiz edilib.
"Azərbaycan"