Bakı, 6 avqust, AZƏRTAC
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.