“Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş məsələsini hələlik tərəflərin hansısa təsdiqəməyib. Ona görə bunu hələ ki, fərziyyə kimi dəyərləndirə bilərik”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında deyib.
O, görüşün keçirilmə ehtimalları barədə danışıb:
“Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi müsbət hadisə olar. Hiss olunur ki, ABŞ Prezidenti Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. O, bir neçə dəfə bu istiqamətdə pozitiv fikirlər də söyləyib. Üstəlik, Donald Tramp yaddaşlarda sülh yaradan ölkə başçısı kimi qalmaq istəyir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin uğurlu və düşünülmüş xarici siyasəti sayəsində regionun lider dövləti olaraq qlobal mənada da çox güclü dövlət kimi tanınır, habelə sürətlə inkişaf edir:
“Artıq dəfələrlə Azərbaycan və Ermənistan arasında vasitəçisiz görüşlər keçirib və uğurlu nəticələr əldə olunub. Əlbəttə ki, bu prosesdə əsas lokomotiv qüvvə Prezident İlham Əliyevdir”.
Deputat onu da əlavə edib ki, Ağ Evdə bir görüş keçirilsə və nəticələr əldə olunsa, Rusiyanın mövqeyi neqativ ola bilər:
“Hesab edirəm ki, Vaşinqtonda bu görüş baş tutacağı və nəticə əldə olunacağı təqdirdə Rusiyanın reaksiyası pozitiv olmayacaq. Çünki Moskva Cənubi Qafqaz uğrunda mübarizədə özünü daha aktiv oyunçu kimi görüb. Kremlin bu regionda olan maraqları yüz illərdir ki, davam edir. Rusiyanın Cənubi Qafqazdakı əsas təsir rıçaqları Ermənistandadır. Ancaq Rusiyanın Azərbaycanda hər hansısa gücü və ya təsir imkanları mövcud deyil”.
Ancaq Vüqar İskəndərli vurğulayıb ki, bu, daha çox Ermənistana aid olan məsələdir:
“Azərbaycan öz milli maraqlarına söykənən çox uğurlu və ağıllı siyasətlə suverenliyini tam təmin edib. Hər hansısa bir ölkənin Azərbaycan üzərində təsirindən söhbət gedə bilməz. Rəsmi Bakı sülh müqaviləsi ilə bağlı şərtlərini və təkliflərini irəli sürüb. Hazırda da bu istiqamətdə danışıqlar gedir. Hər hansısa uğurlu nəticə əldə olunacaq və Azərbaycanın milli maraqlarına uyğun gələcəksə, bunu alqışlamaq lazımdır”.