AZ

İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir?

Hüquqşünas XİN-in bəyanatını şərh etdi: "Azərbaycana qarşı "həbsdəki vətəndaşlara pis rəftar edilir" tipli iddiaları..."

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib. Ayxan Hacızadənin sözlərinə görə,Azərbaycanda saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran İslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.

Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə videogörüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. İranın Bakıdakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.

Yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub. Azərbaycan tərəfinin həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş5 nəfər İran vətəndaşı son əfv fərmanı ilə azadlığa buraxılıb".

XİN rəsmisi əlavə edib ki, İranda saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycanın İrandakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallardadiplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.

Eyni zamanda sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir".

Polis

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlaması bir daha göstərir ki, rəsmi Bakı məhbuslarla bağlı öhdəliklərini beynəlxalq normalara uyğun yerinə yetirir: “Qarşı tərəf İran İslam Respublikası isə eyni şəffaflığı nümayiş etdirmir. Azərbaycan tərəfi həbsdə olan bütün İran vətəndaşları ilə bağlı məlumatları rəsmi Tehrana təqdim edir, onların səfirliklə əlaqəsinə, konsul görüşlərinə və ailə ilə ünsiyyətinə şərait yaradır. Hətta penitensiar müəssisələrdə videogörüş imkanının yaradılması, səfirliyin gətirdiyi dərmanların məhbuslara çatdırılması və əfv fərmanları ilə azadlığa buraxılma faktları göstərir ki, rəsmi Bakı qanunvericiliyə və humanist prinsiplərə tam əməl edir. İran tərəfinin bu haqda məlumatı var. Ona görə də onların Azərbaycana qarşı "həbsdəki vətəndaşlara pis rəftar edilir" tipli iddiaları hüquqi əsası olmayan, daha çox siyasi ritorikaya hesablanmış bəyanatlardır".

Natiq Ələsgərov diqqəti İranda həbs edilən Azərbaycan vətəndaşlarının durumuna çəkir: “Ən ciddi problem buradadır ki, İran tərəfi bizim vətəndaşlarımız barədə məlumatları gizlədir. Diplomatik missiyamız çox vaxt məhbuslarımızla görüşə buraxılmır, onların ailələri ilə ünsiyyətinə imkan verilmir. Bu isə həm 1963-cü il Vyana Konvensiyasının, həm də Azərbaycan və İran arasında imzalanmış 1998-ci il "Məhkumların verilməsi haqqında Müqavilə"nin açıq pozuntusudur. Azərbaycan bu müqavilənin şərtlərinə əməl edir, amma Tehran əksini göstərir".

Hüquqşünas qeyd edir ki, bu praktika təsadüfi deyil: “Əgər bir ölkə özündə saxlanılan xarici vətəndaş barədə məlumatı təqdim etmir və konsul görüşlərinə imkan yaratmırsa, bu, həmin şəxslərin saxlanma şəraitinin və məhkəmə prosesinin ədalətliliyinin şübhə altında olduğuna işarədir. Təəssüf ki, İran bu sahədə ikili standart nümayiş etdirir: Azərbaycanda öz vətəndaşlarının hüquqlarının təmin olunmasını tələb edir, amma bizim vətəndaşlarımızın hüquqlarını bilərəkdən pozur”.

Natiq Ələsgərov bildirir ki, Azərbaycan bu məsələni yalnız ikitərəfli diplomatik kanallarla deyil, həm də beynəlxalq platformalarda qaldırmalıdır: “Əgər İran tərəfi 1998-ci il müqaviləsinə və beynəlxalq öhdəliklərinə əməl etmirsə, məsələni BMT-nin müvafiq qurumlarında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda qaldırmaq lazımdır. Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması yalnız diplomatik etirazla məhdudlaşmamalıdır”.

Natiq Ələsgərov vurğulayıb ki, Azərbaycanın addımı şəffaflıq və humanizmdir, İranın mövqeyi isə gizlətmək və siyasi manipulyasiyadır.

Seçilən
24
41
turkustan.az

10Mənbələr