2025-ci ilin ikinci rübündə SOCAR tərəfindən 18 min metr qazma işi aparılıb.
Bu barədə Finss.az SOCAR-a istinadən xəbər verir ki, hesabat dövründə şirkətin müstəqil və ya əsas payçı kimi istismar etdiyi yataqlardan 1,8 milyon ton neft və 2 milyard kubmetr təbii qaz hasil olunub. Təbii qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb.
Ümumilikdə, ölkə üzrə qaz hasilatı əvvəlki ilin ikinci rübü ilə müqayisədə 1,4 faiz artaraq 12,7 milyard kubmetrə çatıb. Bu müddətdə Azərbaycanda ümumilikdə 6,8 milyon ton xam neft hasil edilib.
SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmi ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq təxminən 4,2 milyon ton təşkil edib. Bu göstəriciyə həm SOCAR-ın özü tərəfindən hasil olunan, həm də beynəlxalq konsorsiumlar tərəfindən çıxarılan və şirkətə məxsus mənfəət nefti daxildir.
Eyni dövrdə ölkə üzrə 6,2 milyard kubmetr təbii qaz ixrac olunub, daxili istehlak isə 2,4 milyard kubmetr səviyyəsində qeydə alınıb. Qaz istehlakı üzrə 6 faiz artım müşahidə olunub.
Neft emalı sahəsində SOCAR ikinci rübdə 1,5 milyon tondan çox neft və 766 milyon kubmetrdən artıq qaz emal edib. Şirkətin müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac olunub.
Fuad Mədətov
Finss.az