AZ

Milli Kitabxanada Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, videoçarxda görkəmli yazıçının ömür yolundan, bənzərsiz ədəbi yaradıcılığından, ədəbiyyatşünas-alim kimi elmi fəaliyyətindən geniş bəhs olunub.

Qeyd edək ki, Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

 

Seçilən
39
49
azertag.az

10Mənbələr