AZ

28 il əvvəl itkin düşmüşdü: Cəsədi çürüməmiş tapıldı

Pakistanın şərqində yerləşən dağlıq Kohistan bölgəsində 28 il əvvəl itkin düşən bir şəxsə aid cəsəd əriyən buzlaqda aşkar edilib.

"Cebheinfo.az" xəbər verir ki, cəsəd yerli bir çoban tərəfindən “Lady Vadisi” kimi tanınan ərazidə tapılıb və üzərindəki geyimləri ilə birlikdə demək olar ki, çürüməmiş vəziyyətdə olub.

Cəsədin yanında tapılan şəxsiyyət vəsiqəsində “Naseeruddin” adı yazılmışdı. Polis bu məlumatdan istifadə edərək 1997-ci ildə həmin bölgədə itkin düşən bir şəxsin izinə düşdü. Bildirildiyinə görə, Naseeruddin qar fırtınası zamanı buzlaq çatına düşərək yoxa çıxıbmış.

Son illərdə bölgədə qar yağışlarının azalması səbəbindən buzlaqlar günəş şüalarına daha çox məruz qalır və daha sürətlə əriyir. Mütəxəssislər bildirirlər ki, cəsədin tapılması iqlim dəyişikliyinin buzlaqların əriməsini necə sürətləndirdiyini açıq şəkildə göstərir.

BBC Urdu kanalına danışan və cəsədi tapan çoban Omar Xan “Gördüyüm mənzərə inanılmaz idi. Cəsəd olduğu kimi qalmışdı, hətta geyimləri belə cırılmamışdı”,- deyə bildirib.

Polis şəxsiyyət təsdiqləndikdən sonra yerli əhali də hadisə ilə bağlı daha çox məlumat verməyə başlayıb. Naseeruddinin evli və iki uşaq atası olduğu qeyd olunub. İtkin düşdüyü gün qardaşı Kathiruddin ilə birlikdə atla yola çıxdıqları, ailədaxili mübahisə səbəbilə evlərini tərk etdikləri bildirilib.

Qardaşı Kathiruddin səhər saatlarında vadiyə çatdıqlarını və günorta vaxtı Naseeruddinin bir mağaraya girdiyini söyləyib. Geri qayıtmayınca onu axtarmağa başladığını, ətrafdakı insanlardan da kömək istədiyini, lakin heç bir iz tapa bilmədiklərini bildirib.

İslamabaddakı COMSATS Universitetinin Ətraf Mühit Elmləri Bölümünün rəhbəri professor Məhəmməd Bilal bildirib ki, insan cəsədi buzlağın içinə düşdükdə dərhal donma prosesi baş verir və buna görə də çürümə müşahidə olunmur. Buzlağın içində oksigen və rütubətin olmaması isə cəsədin mumiyalaşmasına səbəb olur.

Seçilən
91
cebheinfo.az

1Mənbələr