Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 6 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 10 C ünvanında yerləşən Vüsal Teyyub oğlu Rzalıya məxsus mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb. Elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib. Köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması, həmçinin yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb. Obyektin layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib, fəaliyyəti isə Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. İşçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb.
“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkarlanan mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.