AZ

İran prezidentinin oğlu: Belə ittihamlar İranı Azərbaycanla müharibəyə sürükləyir...

İran prezidentinin oğlu Yusif Pezeşkian Azərbaycanla münasibətlərə dair tənqidlərə cavab verdi

Poliqon xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı bəyanatlara yönəlmiş radikal qrupların tənqidlərinə cavab verib.

İran prezidentinin oğlu bildirib ki, bəzi şəxslər son dövrlərdə tribuna əldə edərək daim “Azərbaycan müharibədə İsrailə yardım edib” fikrini təkrarlayırlar. Yusif Pezeşkian bu cür iddiaların əsassız olduğunu vurğulayaraq, əvvəlcə bu sözləri səsləndirənlərin özlərinə sual verməli olduğunu bildirib:

“Bu ittihamları irəli sürməzdən əvvəl sual vermək lazımdır: bu iddiaları təsdiqləyən hansısa sənəd və sübut varmı? İranın kəşfiyyat və xüsusi xidmət orqanlarının hər hansı hesabatı mövcuddurmu? Azərbaycanda yaşayan iranlılardan belə bir məlumat gəlibmi? Azərbaycanı İran əleyhinə müharibədə İsraili dəstəkləməkdə ittiham etmək üçün hansı əsaslara söykənilir? Təhlükəsizlik orqanları belə bir şeyi təsdiqləməyiblər”.

Yusif Pəzəşkian bu cür açıqlamaların ölkəyə nə fayda verdiyini soruşaraq, gələcək münasibətlərin gərgin və düşmənçiliklə dolu olmasının istənilib-istənilmədiyini sual edib.

O, İranın Azərbaycanla qarşılıqlı münasibətlərində üç mümkün ssenarini sadalayıb:

1. İran Azərbaycanın özü ilə müharibə aparmasını istəyir və ya bu ölkəni müharibəyə təhrik etmək niyyətindədir.

2. İran nə sülh, nə də müharibə vəziyyətini qoruyub saxlamaq istəyir və mövcud problemləri çözmür.

3. İran, fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla qonşuluq münasibətlərini davam etdirib əməkdaşlıq etməyə çalışır.

Pəzəşkian bildirib ki, birinci ssenari ölkənin mənafeyinə uyğun deyil:

“Belə ittihamlar ölkəni birinci ssenariyə, yəni müharibəyə aparır. Kimsə deyirsə ki, Azərbaycan müharibədə İsrailə yardım edib, bu o deməkdir ki, o, Azərbaycanı düşmən sayır. Əgər kimsə düşməndirsə, deməli, onunla müharibə etmək lazımdır. Mən inanmıram ki, ölkədə sağlam düşüncəli insanlar belə bir istəkdə olsun”.

O, ikinci ssenarinin də zərərli olduğunu bildirib:
“Bu mövqedə olanlar düşünür ki, biz düşmənik, lakin müharibə aparmırıq. Lakin düşmən olan tərəf sənə qarşı hərəkət edəcək – beynəlxalq platformalarda əleyhinə səs verəcək, iqtisadiyyatına zərər vuracaq...”.

Üçüncü ssenarini daha rasional adlandıran Yusif Pəzəşkian qeyd edib ki, heç bir iki ölkə və ya iki hökumət bütün məsələlərdə eyni düşünə bilməz.
“Fikir ayrılıqları təbiidir. Amma bu fərqliliklərə baxmayaraq, biz ortaq maraqları taparaq əməkdaşlıq edə bilərik. İqtisadi, ticari, hətta təhlükəsizlik sahəsində bir-birimizə kömək edib fikir ayrılıqlarını azalda bilərik”.

Yusif Pezeşkian bəzi şəxslərin xoş niyyətlə danışdığını, lakin nəticələrinin fərqində olmadıqlarını vurğulayıb:

“Bəziləri yaxşı niyyətlə danışırlar, lakin anlamırlar ki, israr etdikləri mövqe yalnız ölkəyə yox, bütün müsəlmanlara zərər verir və sonda İsrailin xeyrinə işləyir”.

Sonda Yusif Pəzəşkian çağırış edərək bildirib:
“Gəlin ehtiyatlı olaq və bilmədən İsrailin piyadasına çevrilməyək”.

Poliqon.info

Seçilən
85
poliqon.info

1Mənbələr