AZ

Elmar Baxşıyev: “Liqa mərhələsini yox, sabahı düşünməliyik”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Omoniya” ilə ilk oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Kipr klubları arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Elmar Baxşıyev bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komanda olaraq sabahkı oyuna hazırlığımız qaydasında gedir. Ən yaxşısını etməyə çalışırıq. “Omoniya” tanıdığımız rəqibdir. Amma bu, “Qəbələ” ilə oynadığımız komanda deyil. Fərqli oyun dəst-xətti var. Komanda olaraq rəqibi incələmişik. Düşünürəm ki, lazım olan məlumatları komandaya vermişik.

Rəqib baş məşqçi nə deyir, özü bilər. Ona cavab vermək fikrində deyiləm. Mən öz komandamın meydanda nə etmək istədiyi haqda danışa bilərəm. Oyuna hazırıq. Qarşımızdakı rəqib özünə hörmət edən komandadır. Biz də komanda olaraq, inanırıq ki, uğurlu nəticə qazanmaq mümkündür.

Sərəncamımda olan futbolçuların hamısı oyuna hazırlaşırlar. Onlar meydançada hər şeylərini verməyə hazırdırlar. Kimin üzərində dayanacağıqsa, komandaya hər şeyini verməyə çalışacaq. Sistem dəyişikliyi barədə fikirləşmirik. Rəqibə görə sistemi dəyişmirik. Komanda olaraq öz düşüncələrimiz var ki, onu icra etməyə çalışacağıq”.

Elmar Baxşıyev hələ Konfrans Liqasının əsas mərhələsi barədə düşünmədiklərini söyləyib:

“İndi elə mərhələdəyik ki, daha çox Liqa mərhələsini yox, sabahı düşünməliyik. Gəlin, pillə-pillə gedək. Qismətdə vasa, gedib ora çıxacağıq. Stadiona gələnlər 12-ci oyunçuya çevrilir. Bizə də səfəröncəsi sual verirdilər ki, Yunanıstanda dolu tribunalar qarşısında komanda necə oynayacaq? Futbolçularım da azarkeş ordusunu hiss etmək istəyirdilər. Azarkeşlərə səslənirəm, sabah bizi tək buraxmasınlar, bizə inansınlar. Komanda olaraq onları sevindirməyə çalışacağıq”, deyə Elmar Baxşıyev bildirib.

Elmar Baxşıyev ilə birgə mətbuat konfransına qatılmış “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev isə matçdan öncə bunları söyləyib:

“Yaxşı tonusdayıq. Ötən oyundakı qalibiyyət bizə daha çox yaxşı əhval-ruhiyyə verib. Sabahkı matça tam heyətlə hazırıq. Yaxşı rəqiblə oynayacağıq. “Omoniya” son vaxtlarda oynadığımız ciddi və təhlükəli rəqibdir. Onların müəyyən oyunları haqda təhlillər etmişik. Dinamik və sürətli oynayan komandadır. Bütün fikrimiz sabahkı qarşılaşmaya yönəlib. Əlimizdən gələni edəcəyik ki, ev amilindən yararlanaq və qalib gələk. Hər kəsi oyuna dəvət edirəm. Bizə daha da vacib olan azarkeş dəstəyidir. 12-ci oyunçu ilə sabah inamlı nəticə əldə edə bilərik.

Yeni baş məşqçi “Omoniya”ya yeni fəlsəfə gətirib. Əsas komandaya akademiyadan oyunçular cəlb edib. “Qarabağ”la oynadığımız “Omoniya” ilə hazırkı komanda arasında əsas fərq odur ki, indi hücum xətti daha aktivdir və oyunçular bir-birini daha yaxşı başa düşürlər. Hücum xətti və fəlsəfə tamam başqadır.

Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Klub olaraq hədəfimiz var. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Nə qədər alınıb-alınmayacağı oyun vaxtı görünəcək. Biz hər şeyi edəcəyik. Fərq klublarda, adlarda deyil. Hədəfimizə çatmaq üçün hər şeyi edəcəyik”.

Seçilən
40
3
arena.az

10Mənbələr