AZ

Moskva çəkilir, sülh prosesində Vaşinqton önə çıxır - TƏHLİL

ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir

“Türkiyə-ABŞ münasibətləri Bakı-Vaşinqton münasibətlərində çox mühüm rol oynayır”

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə gözlənilən səfəri sadəcə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər ABŞ Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır.

 Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər. 
Son illərdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirib. Hazırkı səfər də məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev 2024-cü ilin yayında Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-də keçiriləcək prezident seçkilərinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını və Vaşinqtonda baş verən siyasi proseslərə obyektiv yanaşmasını nümayiş etdirmişdi. Dövlət başçısı İlham Əliyev Trampın prezidentliyi dövründə ABŞ-nin yeni hərbi münaqişələrə qoşulmamasını, ailə və ənənəvi dəyərlərə verdiyi önəmi xüsusi vurğulayaraq, onun daxili və xarici siyasətindəki sabitlik amilinə diqqət çəkmişdi. Bu açıqlama Azərbaycanın regional və qlobal siyasi proseslərə bəsirətli yanaşmasının bariz nümunəsi idi. Donald Trampın yenidən prezident seçilməsindən sonra iki lider arasında baş tutan telefon danışığı və məktub mübadiləsi isə münasibətlərin yalnız rəsmi deyil, eyni zamanda, şəxsi etimada əsaslandığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-yə hazırkı səfəri bu dialoqun diplomatik müstəviyə keçərək konkret nəticələr doğura biləcək əməkdaşlıq mərhələsinə daxil olduğunu nümayiş etdirir. Bu, eyni zamanda, Vaşinqton-Bakı xəttində siyasi təmasların dərinləşməsi və qarşılıqlı hörmətə söykənən strateji münasibətlərin institusional xarakter almasının göstəricisidir. Xüsusilə vurğulamaq lazımdır ki, bu cür yüksəksəviyyəli liderlər dialoqu ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır, qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşməsi üçün zəmin yaradır. Liderlər diplomatiyası vasitəsilə ölkələr arasında strateji tərəfdaşlıq daha möhkəm, dayanıqlı və çevik xarakter daşıyır. Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq üç əsas istiqamət üzərində qurulub. Bunlar - enerji və ticarət, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələridir. Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və səmərəli şəkildə nəql olunması sahəsində ABŞ-nin dəstəyi mühüm rol oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçirilməsində Donald Tramp administrasiyasının siyasi və diplomatik dəstəyi strateji əhəmiyyətə malik olub. Trampın praqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadi imkanların açılmasına şərait yaradıb. Həmçinin, təhlükəsizlik və müdafiə: Müdafiə sənayesi sahəsində əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə və regional sabitliyin təmin olunması istiqamətində qarşılıqlı fəaliyyət davamlı surətdə dərinləşir. Bu, iki ölkənin strateji maraqlarının və təhlükəsizlik öhdəliklərinin uyğunlaşmasının əyani göstəricisidir. 
Qeyd edək ki, Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib. Zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin Donald Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır. Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. Dövlət başçısı İlham Əliyev prezident seçilməsi münasibətilə 2024-cü il noyabrın 6-da Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. O, Donald Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə edib. Prezident qeyd edib ki, Azərbaycan ABŞ ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindədir. Azərbaycanın müxtəlif sahələrdə, xüsusilə enerji, təhlükəsizlik və rəqəmsal transformasiya kimi önəmli istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyəti, regional və qlobal sabitlik üçün ciddi əhəmiyyət daşıyır. Prezidentin bu mesajı, həm də ABŞ-nin yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan və faydalı tərəfdaşlığın davam etdirilməsinə olan inamın təzahürüdür. Azərbaycan Prezidentinin nikbin və əmin mövqeyi regional, qlobal sabitlik baxımından mühüm əhəmiyyət daşıyır, həmçinin gələcək əməkdaşlığın daha da genişlənəcəyinə inamı gücləndirir. Eyni zamanda, bu sözlər Azərbaycan diplomatiyasının uzunmüddətli strateji məqsədlərinə sadiqliyini və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verdiyini təsdiqləyir. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə 2025-ci il aprelin 10-da ünvanladığı məktubda Azərbaycanla Amerika arasında birgə fəaliyyətin zəngin tarixə malik olduğunu vurğulayıb, qarşıdakı illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini bildirib. O, Azərbaycanın və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışladığını deyib. Donald Tramp, həmçinin qeyd edib: “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”. Prezident İlham Əliyevin Vaşinqton səfərinin ikinci mühüm istiqaməti Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlıdır. Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub. Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. ABŞ-də aparılacaq müzakirələrin bu məsələlərin hüquqi və texniki aspektlərini əhatə etməsi gözlənilir.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Sherg.az-a açıqlamasında deyib ki, ABŞ və Azərbaycan ikitərəfli münasibətləri strateji tərəfdaşlıq istiqamətində irəliləyir. Deputat qeyd edib ki, öncəki Bayden administrasiyası erməni lobbisinin çaldığı havanı oynayır, erməni lobbisinin istəklərinə uyğun davranırdı: 

"Ağ Ev əvvəlki administrasiyanın siyasi səhvlərini hələ tam aradan qaldıra bilməyib. Donald Tramp bu istiqamətdə mühüm addımlar atır, təşəbbüslər göstərir. Tramp administrasiyasının Azərbaycana baxışı, yanaşması müsbətdir. Son dönəmdə ikitərəfli münasibətlər normala dönüb. Dövlət başçıları arasında məktublaşmalar olub. Vurğulamaq lazımdır ki, ABŞ Azərbaycanın ən yaxın strateji müttəfiqi olan qardaş Türkiyəni əsas partnyoru, bölgənin aparıcı ölkəsi kimi qiymətləndirir. Türkiyə-ABŞ münasibətləri Bakı-Vaşinqton münasibətlərində çox mühüm rol oynayır. Hazırda bir çox istiqamətdə ABŞ ilə münasibətlərimiz, problemlərə yanaşmamız üst-üstə düşür. ABŞ Cənubi Qafqaz regionunu Azərbaycanın iştirakı ilə tərəfdaşlıq, əmin-amanlıq və sabitlik bölgəsinə çevirmək istiqamətində mühüm dəstəyini əsirgəmir". 

Parlament üzvü bəyan edib ki, ABŞ-nin sülh danışıqlarında iştirakı Rusiyanın Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən kənarlaşdırılması deməkdir: 

"Rusiyanın daim İrəvana və Bakıya təzyiq göstərməklə istəklərinə nail olmaq cəhdləri nəticə vermədi. Azərbaycan və Ermənistan sülh danışıqlarını ikitərəfli formatda aparır və nəticələr əldə edirlər. ABŞ də növbəti görüşü təklif edir və sülh istəyini vurğulayır. Vaşinqtonda keçiriləcək görüş ABŞ-nin Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olmasını göstərir. Göründüyü kimi Tramp administrasiyası regionda sülh və əmin-amanlığın yaradılmasına dəstək verir. Bu, eyni zamanda, Azərbaycan və Ermənistana da imkan yaradır ki, sülhə əngəl olan məsələləri müzakirə edərək aradan qaldırsınlar. Vaşinqtonda keçiriləcək görüş bu baxımdan əhəmiyyətlidir". 



Seçilən
40
28
sherg.az

10Mənbələr