"Yaddaşın səsi və dünya üçün xəbərdarlıq..."
6 avqust 1945-ci ildə səhər saat 8:15-də Xirosima səmasında parlayan mavi-bəyaz işıq yalnız bir şəhərin deyil, bütün dünyanın tarixini dəyişdi. ABŞ-ın "Körpə" adını verdiyi ilk atom bombası bir anda on minlərlə insanı yox etdi, yüz minlərlə insanın həyatını isə ağrılı və amansız şəkildə dəyişdirdi. Üç gün sonra eyni taleyi Naqasaki yaşadı.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Bu gün, həmin qırğınların üzərindən 80 il keçsə də, dünya o dəhşətli dərsləri unudan kimi görünür. Yaponiyada anım mərasimləri, fəlsəfi çıxışlar və ağ göyərçinlərin səmaya buraxılması ilə xatırlanan bu tarix, əslində bəşəriyyətin öz gələcəyi ilə necə oynadığını göstərir.
Setsuko Terlou - yaddaşın şahidi
O vaxtlar 13 yaşında olan məktəbli Setsuko Terlou indi 93 yaşındadır və o dəhşətli günü belə xatırlayır: "Bir anın içində sanki bədənim havaya qalxdı. Sonra insanların yandığını, dərilərinin sallaq asıldığını gördüm. Onlar artıq insan deyildilər". Ailəsindən yalnız valideynləri sağ qalmışdı. Bacısı və əmisiqızı partlayışdan bir neçə gün sonra həyatını itirmişdi. Terlou bütün ömrünü nüvə silahlarına qarşı mübarizəyə həsr edib. Onun da üzvü olduğu ICAN təşkilatı 2017-ci ildə Nobel Sülh Mükafatı alıb.
Sülh zəngi və yad edilənlər
Hər il 6 avqust səhəri Xirosimada "Sülh zəngi" səslənir. Milyonlarla insanın ölümünə səbəb olan iki bombanın qurbanları anılır, yeni adlar sükutla yad olunur. Bu il daha sağ qalan qurbanlardan daha 4940 nəfərin adları kenotaf kitabəsinə yazılıb, onlar ötən il vəfat edib. Bu dəfəki anım mərasimində iştirak edən 120 ölkə nümayəndəsi, BMT baş katibi və baş nazir Siqeru İsiba bir ağızdan eyni fikri səsləndirib: "Yaponiyanın misilsiz tarixi onu qlobal nüvə silahsızlanmasının liderinə çevirməlidir".
Ukrayna, Qəzza və təhdidlər
Xiroşima meri Kazumi Matsui isə çıxışında bu sözləri deyib: "Ukraynada və Yaxın Şərqdə baş verənlər göstərir ki, dünya hələ də nüvə fəlakətlərindən dərs almayıb". Tədbir zamanı parkın yaxınlığında yüzlərlə etirazçı "Müharibəyə yox!", "Qəzzaya azadlıq!" şüarları səsləndirilib. İki nəfər saxlanılıb.Qəddar ironiya odur ki, insanlar hələ də həmin dəhşətli günlərində olduğu kimi, bu dəfə Qəzzada övladlarını qan içində qucaqlarında tutaraq qışqırırlar.
Dünya yenidən odla oynayır
2024-cü ildə dünya silahlanmaya 2,7 trilyon dollar xərcləyib. SIPRI-in məlumatına görə, bu, "soyuq müharibə"dən bəri ən böyük artımdır. ABŞ, Rusiya və Çin nüvə arsenallarını genişləndirir. Sülh yox, silah ön plandadır. SIPRI direktoru Dan Smit bu durumu belə izah edir: "Nüvə silahlarının azaldılması dövrü başa çatıb. Bəşəriyyət geriyə addım atır". Hazırda Rusiya dünyada ən böyük - 5459 başlıqdan ibarət nüvə arsenalına malikdir. ABŞ-ın isə 5177 başlığı var. Ardınca Çin, Fransa, Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya gəlir.
Yaponiya və Avropanın dilemması
Yaponiya 1967-ci ildə nüvə silahından imtina prinsiplərini qəbul etsə də, Şimali Koreya və Çindən gələn təhdidlər bu qərara yenidən baxılması təkliflərini artırır. Hələlik bu təkliflər ictimai müqavimətə rast gəlir. Amma narahatlıq artır. Almaniyada isə müzakirə fərqli istiqamətdədir. NATO-nun üzvü olan bu ölkə ABŞ-ın nüvə arsenalında dolayı iştirakçıdır.
Büxel bazasında saxlanılan 20 Amerika bombasının tətbiqi yalnız ABŞ prezidentinin qərarı ilə mümkündür, amma Almaniya təyyarələri ilə daşına bilər. Hətta bəzi alman siyasətçilər ölkənin daha birbaşa nüvə iştirakçısı olmasını təklif edir. XDİ/XSİ fraksiyasının rəhbəri Yens Şpan deyir: "Biz Fransa və ya Britaniya ilə ortaq nüvə arsenalı mövzusunu ciddi şəkildə müzakirə etməliyik".
Yaponiyanın səsi - gələcəyə xəbərdarlıq
"Yaponlar təkrar deyir: Heç vaxt daha imperialist olmayacağıq. Biz sülhə sadiqik", - tarixçi Takuma Melber bildirir. Xiroşimanın canlı şahidi Setsuko Terlou isə son çıxışında belə deyib: "Dünyada 16 min nüvə başlığı var. Bu, ağılsızlıqdır. Cinayətdir. Səsimizi qaldırmağa davam edəcəyik. Çünki indi 1 yox, 9 ölkə nüvə silahına sahibdir. Bu proses dərhal dayanmalıdır!" Xirosima təkcə keçmişin xatirəsi deyil, gələcəyin səsi olmalıdır.