AZ

ABŞ və Aİ arasında yeni gömrük razılaşması alman şirkətlərində narahatlıq yaradır

Avropa İttifaqı ilə ABŞ arasında əldə olunan gömrük razılaşması Almaniyada şirkətlərin əksəriyyəti üçün əlavə iqtisadi narahatlıqlara səbəb olub.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniya Sənaye və Ticarət Palatasının (DIHK) keçirdiyi onlayn sorğunun nəticələrinə əsasən, respondentlərin 58 faizi razılaşmanın əlavə yük gətirəcəyini bildirib. ABŞ ilə birbaşa ticarət əlaqəsi olan şirkətlər arasında isə bu rəqəm 74 faiz təşkil edib.

Sorğuda iştirak edən 3355 şirkətdən cəmi 5 faizi gömrük razılaşmasının müsbət iqtisadi təsir göstərəcəyini bildirib.

DIHK-ın baş direktoru Helena Melnikov razılaşmanın siyasi baxımdan zəruri olduğunu desə də, alman şirkətləri üçün bunun “acı bir həqiqət” olduğunu bildirib. O qeyd edib ki, yeni razılaşma vergi artımı, əlavə bürokratiya və rəqabət qabiliyyətinin azalması ilə nəticələnəcək.

H.Melnikov əlavə edib ki, razılaşmanın sabitliyi ilə bağlı da qeyri-müəyyənlik mövcuddur və Avropa Komissiyası növbəti danışıqlarda real iqtisadi irəliləyişlər üçün israr etməlidir. Razılaşmaya əsasən, ABŞ-a Avropa İttifaqından idxal edilən məhsullara 15 faiz gömrük rüsumu tətbiq olunacaq.

ABŞ-ın cari ticarət siyasətinin artıq bir sıra şirkətlərə mənfi təsir göstərdiyi bildirilir. ABŞ ilə birbaşa işləyən alman şirkətlərinin 89 faizi hazırda mənfi təsirləri hiss etdiklərini bildirib. Bu şirkətlərin 80 faizi gömrük sahəsində davam edən qeyri-müəyyənliyi əsas problem kimi göstərib. ABŞ ilə ticarət əlaqələrini azaltmaq niyyətində olan şirkətlərin payı 54 faiz təşkil edir. Şirkətlərin 26 faizi isə ABŞ-a yatırımlarını ya azaldıb, ya da dondurub. Eyni zamanda, gömrük xərclərinin bir hissəsi ABŞ istehlakçılarına ötürülür ki, bu da inflyasiyanı artırır.

Bununla yanaşı, Almaniya şirkətləri İsveçrəyə tətbiq edilən yüksək – 39 faiz gömrük tariflərindən dolayı müəyyən üstünlük qazana bilər. Ekspertlər bu fərqin alman məhsullarının ABŞ bazarında daha rəqabətli olmasına şərait yaradacağını düşünürlər. Bununla belə, ekspertlər qeyd edirlər ki, İsveçrə iqtisadiyyatında zəifləmə Almaniya üçün də mənfi nəticələr doğura bilər, çünki İsveçrə Almaniyanın əsas ticarət tərəfdaşlarındandır.

Seçilən
49
5
yeniazerbaycan.com

6Mənbələr