Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərinə növbəti infotur təşkil edib. Komitənin açıqlamasında deyilir ki, infoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən, təhsil alan və yaşayan insanlar üçün zəruri şərait yaradılır.
Qarabağ tekstil fabrikinə baş çəkən infotur iştirakçılarına müəssisənin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Fabrikdə çalışanlar məşğulluq tədbirlərinin onların sosial rifahına müsbət təsir etdiyini bildiriblər.
Daha sonra infotur iştirakçıları Qarabağ Universitetində olublar. Onlara universitetdə yaradılan infrastruktur, tədris şəraiti və gələcək planlar haqqında məlumat verilib. Ali təhsil müəssisəsində formalaşdırılan müasir təhsil mühitinin bölgənin insan kapitalının inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. İşğaldan azad edilmiş digər ərazilərə də Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturların keçirilməsi davam etdiriləcək.
Mətləb