AZ

AÇG üzrə əməliyyat və əsaslı məsrəflərin məbləği açıqlanıb  

2025-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 259 milyon dollar əməliyyat məsrəfləri və 558 milyon dollar əsaslı məsrəflər xərclənib.

AZƏRTAC bp şirkətinin cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadla xəbər verir ki, AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı bu ilin birinci yarısında tamamlanıb və ikinci il üçün məlumat toplanması işləri iyun ayında başlanıb.

AÇG-də iştirak payları: bp (30,37 faiz), SOCAR (31,65 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş (2,92 faiz).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2025-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli”dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (21 min), “Mərkəzi Azəri” (86 min), “Qərbi Azəri” (75 min), “Şərqi Azəri” (42 min), “Dərinsulu Günəşli” (54 min), “Qərbi Çıraq” (24 min) və ACE (25 min) platformalarından birlikdə – gündə orta hesabla 327 min barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.

Fevralın 18-i AÇG layihəsi “Mərkəzi Azəri” platformasından ilk neftin əldə olunmasının 20 illiyini qeyd edib. İndiyədək bu platformadan ümumilikdə 1,1 milyard barel (154 milyon ton) neft hasil edilib.

İkinci rübdə AÇG layihəsi, təxminən dörd illik fasilədən sonra “Çıraq” platformasından laylara su vurulması prosesini uğurla bərpa edib. Bunun üçün platformada bir sıra vacib yenilənmə işləri həyata keçirilib: suvurma nasosları yenidən layihələndirilib və modifikasiya olunub, idarəetmə sistemi yenidən qurulub, həmçinin yeni bir su injektor quyusu qazılıb. Bu quyu “Çıraq” platformasında ilk dəfə olaraq ayrıca dizel generatoruna ehtiyac olmadan, mövcud üst tikililər və qazma generatorlarının istehsal etdiyi elektrik enerjisi ilə qazılıb.

Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində ACE platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınıb.

İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.

Seçilən
14
6
azerbaijan-news.az

7Mənbələr