Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
"Bu, heç də təsadüfi deyil ki, Avropanın ən böyük ölkəsi olan, şəhərlərinin sayını saymaqla bitirə bilməyəcəyimiz Ukraynada Rusiya bu müharibənin artıq dördüncü ilinə yaxınlaşan dövründə həmin o qaz stansiyasına zərbə endirmədi. Amma Amerika və Azərbaycan qazının tranzit məsələsi gündəmə gələndə bu zərbəni endirdi. Bu, sadəcə təsadüf deyil. Təbii ki, Rusiya bundan əvvəl də Azərbaycanın diplomatik korpuslarının yerləşdiyi ərazilərə və onlara yaxın ərazilərə zərbələr endirmişdi. Son günlər Azərbaycan və Rusiya arasında yaşanan gərginlikləri də xatırlamalıyıq. Bütün bunların yalnız bir səbəbi var: Azərbaycan tərəfindən atılan milli təhlükəsizlik addımları, xüsusilə ölkəmizin iqtisadi siyasəti və dünya enerji bazarında, xüsusilə də Avropanın enerji təminatında ciddi aktora çevrilməsi prosesi Rusiya tərəfindən öz milli maraqlarına təhdid kimi qiymətləndirilir. Rusiya çalışır ki, Azərbaycanı müstəqil addımlar atmaqdan və enerji siyasətini sərbəst şəkildə koordinasiya etmək istiqamətindən çəkindirsin. Çünki artıq Moldovada enerji ehtiyaclarının qarşılanmasında Rusiya yox, Azərbaycan alternativ kimi nəzərdə tutulur. Avropanın enerji təhlükəsizliyi Rusiya tərəfindən təhdid edildikcə alternativ axtarışlar artır və bu alternativlərin sırasında həm coğrafi mövqe, həm də resursların daha tez çatdırılması baxımından Azərbaycan əsas variantlardan biri kimi görünür. Təbii ki, Azərbaycanın təbii resursları bütün Avropanı enerji ilə təmin etməyə kifayət etmir, amma burada başqa bir vacib məqam var. Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Orta Dəhliz vasitəsilə Avropaya daşınması məsələsi də aktuallaşır. Bu baxımdan Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Ceyhan kimi layihələr əhəmiyyət daşıyır.
Əgər bu layihələr reallaşarsa, Avropanın enerji təhlükəsizliyinin böyük bir hissəsi Rusiyanın təzyiqlərindən çıxarılıb nəzarət altına alına bilər. Bu nöqtədə Rusiya Azərbaycanı artıq özünün milli maraqlarına əsas düşmən kimi qəbul etməyə başlayıb. Halbuki bu yanaşma tamamilə yersiz və qeyri-konstruktivdir.
Azərbaycan həmişə torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi zamanlarda, bu işğala açıq dəstək verən ilk dövlətlərdən birinin Rusiya olduğu dövrlərdə belə dəfələrlə bəyan edib ki, biz bütün mərkəzlərlə bərabərhüquqlu, qarşılıqlı və müstəqil siyasi münasibətlər qurmaqda maraqlıyıq. Heç kim bizi öz maraqlarına uyğun istiqamətə yönləndirə bilməz və biz heç kimin milli maraqları üçün təhdid yaratmırıq. Azərbaycan əvvəllər ABŞ və digər ölkələr tərəfindən təklif olunan - bölgədə hərbi bazalar yerləşdirmək kimi təşəbbüslərə də rədd cavabı verib. Çünki bu bazalar əsasən Rusiya və İrana qarşı yönələcəkdi. Azərbaycan bu təklifləri rədd etməklə müstəqil dövlət olduğunu, xarici hərbi varlığa ehtiyac duymadığını və bu cür kampaniyalara heç vaxt qoşulmadığını açıq şəkildə göstərib.
Hətta Ukrayna müharibəsi zamanı Rusiyaya qarşı beynəlxalq sanksiyalar tətbiq olunarkən də Azərbaycan bu sanksiyalara qoşulmadı və Rusiya ilə əməkdaşlığını davam etdirdi. Rusiya maraqlarına zidd olacaq hər hansı beynəlxalq koalisiyada yer almadı. Buna görə də Rusiyanın bu gün Azərbaycanı düşmən elan etməsi və ya düşmən kimi qəbul edib ona qarşı təzyiqlər göstərməsi tamamilə ədalətsiz və radikal bir yanaşmadır. Bu, irqçi, faşist bir siyasətdir. Rusiya tərəfi bu qədər acgöz olmamalı, Azərbaycanın suveren hüquqlarını görməzdən gəlməməlidir.
Rusiya bu gün sanki belə bir mesaj verir: "Mən daha çox qazanmalıyam, Azərbaycan isə heç nə qazanmamalıdır. Mən tam müstəqil dövlət olmalıyam, Azərbaycan isə mənim koordinasiyamla hərəkət edən yarımmüstəqil bir dövlət kimi qalmalıdır." Bu isə dediyimiz kimi, faşist və imperialist bir yanaşmadır.
Azərbaycan artıq məcbur qalır ki, Rusiyanın atdığı addımlara fərqli formalarda cavab versin. Təbii ki, Azərbaycan hər zaman olduğu kimi balanslaşdırılmış xarici siyasətinə sadiq qalacaq - Şərq, Qərb, Şimal və Cənub ölkələri ilə düşmənçilik etmədən münasibətlərini davam etdirəcək. Amma bu siyasətlə yanaşı, öz milli maraqlarını da qorumalıdır.
Azərbaycan indi məcburdur ki, Rusiyanın təzyiqləri qarşısında dayanıqlı mövqe nümayiş etdirsin və bu addımlara adekvat cavablar versin. Burada söhbət Azərbaycanın anti-Rusiya kampaniyalarına və beynəlxalq sanksiyalara qoşulmasından getmir. Amma ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan öz hüquqlarını və milli maraqlarını qoruyacağını, enerji siyasətində müstəqil addımlar atacağını bəyan etməlidir.
Bu addımlar Rusiyaya qarşı yönəlməyib. Sadəcə olaraq, azad bazar iqtisadiyyatı nöqteyi-nəzərindən Rusiyanın geri çəkildiyi və ya artıq istənmədiyi regionlarda Azərbaycan öz biznes maraqlarını təmin etmək hüququna malikdir. Bu səbəbdən də ölkəmiz enerji və iqtisadi siyasətində müstəqil şəkildə hərəkət etməyə davam edəcək".
Zeynəb Mustafazadə