AZ

Tramp regionda əsas sülh qüvvəsinin İlham Əliyev olduğunu 2 ay əvvəl göstərmişdi...


Xaqani Cəfərli: “Donald Trampın Azərbaycan Prezidentinə məktubunda bu məqamları vurğulaması yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın maraqlarına uyğundur”

Prezident İlham Əliyev və Nikol Paşinyan ABŞ-da səfərdədirlər. Avqustun 8-də ABŞ-da tarixi əhəmiyyətli görüş olacaq. Amma yaxın keçmişdə baş vermiş bəzi hadisələr bugünkü proseslərin əhəmiyyətini və bu proseslərin hazırlanmasında nələrin baş verdiyini bir daha ortaya qoyur.

Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 6-da ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır.

Avqustun 8-də baş tutacaq həlledici görüşə qədər baş verən mühüm hadisələri xatırlatmaq istəyirik. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Müstəqillik Günü münasibətilə 2025-ci il mayın 28-də Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubu öz əhəmiyyəti ilə diqqət çəkir. ABŞ prezidentinin məktubu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha bir göstəricisidir. ABŞ Prezidenti həmin məktubunda bir sıra vacib fikirlər ifadə edib: “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”.

Tramp bu il mayın 28-də Cümhuriyyət günündə Prezident İlham Əliyevə məktubunda “regiona sülh gətirmək və xalqları rifaha qovuşdurmaq vaxtı çatıb” deyə bildirib.

Tramp bu fikirləri ilə regional sülhün taleyində İlham Əliyevlə daha üstün işbirliyinin önəmini öncədən necə ortaya qoymuş oldu?

“...Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hər hansısa böyük layihələr həyata keçirmək mümkün deyil”

Siyasi ekspert Xaqani Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, Donald Trampın birinci prezidentlik dönəmində Azərbaycana münasibətdə siyasəti ikinci prezidentlik müddətinin də Bakının maraqlarına cavab verəcəyini ehtimal etməyə imkan verirdi: “İkinci Qarabağ müharibəsi Trampın birinci prezidentlik müddətinin son aylarına təsadüf etmişdi. O zaman Tramp Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinə qarşı heç bir mövqe nümayiş etdirməmişdi. Trampın sayəsində Vaşinqtonun bitərəf qalması Azərbaycanın haqlı davası üçün əlverişli siyasi vəziyyət yaranmasının əsas müəyyənedici amillərindən idi.

İkinci prezidentlik dövründə də Trampın Azərbaycana yönəlik siyasətində köklü bir dəyişiklik gözlənilmirdi. Əksinə, münasibətlərin daha da dərinləşdirilməsi ehtimalı artıb. Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olan münaqişə ABŞ-ın Azərbaycanla yaxından əməkdaşlıq etməsinə mane olurdu. Bu münaqişə böyük ölçüdə aradan qalxdığı üçün Azərbaycanla ABŞ arasında əməkdaşlıq imkanları genişlənib. Xüsusilə Cənubi Qafqazda sülh, sabitlik və rifah üçün iki ölkənin sıx əməkdaşlığına ehtiyac var. Donald Trampın Azərbaycan Prezidentinə məktubunda bu məqamları vurğulaması yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın maraqlarına uyğundur. Eyni zamanda Cənubi Qafqazda sülh, sabitlik və rifahın yolu da Azərbaycanla əməkdaşlıqdan çox asılıdır. Belə görünür ki, bu həqiqəti artıq çoxları qəbul etməyə başlayıb. Gerçəklik ondan ibarətdir ki, Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hər hansısa böyük layihələr həyata keçirmək mümkün deyil. Təəssüf ki, bunu qəbul etmək istəməyən dövlət və qüvvələr də var. Ancaq bu yalnız onların özlərinin maraqlarına zərbə vurur. Tramp administrasiyası isə çox doğru siyasət müəyyən edərək Azərbaycanla əlaqələri dərinləşdirmək istəyir”.

X.Cəfərli hesab edir ki, ABŞ-ın bu siyasəti əslində Rusiya və İran kimi dövlətlər üçün də nümunə olmalıdır.

İradə SARIYEVA

Seçilən
46
50
baki-xeber.com

10Mənbələr