Rübabə Məhəmmədova: “Biz onunla görüşdən qayıtdıqdan on gün sonra Musa şəhid oldu”
Elcan: “Musa bronejiletini geyinib silahını götürüb “Satko”nun yanında durmuşdu, döyüşə getmək üçün israr edirdi”
Hər bir Azərbaycan oğlu qəhrəman olmaq istəyir.Qəhrəman olmaq istəyi oğullarımızda bir genetik xüsusiyyətdir.
Vətən müharibəsində də, Birinci Qarabağ savaşında da bizim yüzlərlə qəhrəmanımız olub ki, onların hər birinin ömür və döyüş yolu kitablara sığışmır.
Sakit, mülayim təbiətli, olduqca istiqanlı gənc idi, uşaqlıqdan hərbi mövzuda kitablar oxumağı və filmlərə baxmağı çox xoşlayırdı, hərbiçi olmaq arzusu ilə yaşayırdı Musa Bəhrəm oğlu Məhəmmədov.
18 iyun 2002-ci ildə Quba rayonunun Zərdabi qəsəbəsində anadan olmuşdu. Arzuları çox idi, ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi.
44 günlük Vətən müharibəsi başlayanda Musa üç ayın əsgəri idi.
Rəsmi sənədlərə görə, Musa Məhəmmədov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Musa Məhəmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Musa Məhəmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, "Cəngavər" döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Vüsal Mahmudov və bir neçə hərbi qulluqçu ilə birlikdə şəhid olub. Quba rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Məhəmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Məhəmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Musa Məhəmmədovun anası Rübabə Məhəmmədova ilə Quba rayonunda yaradıcılıq ezamiyyətində olarkən tanış olub söhbət etdik.
Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi Zəfər” adlı kitabın II və III cildlərinin Qubada keçirilən təqdimat mərasiminə Rübabə ana da gəlmişdi...
“Musa ailənin yeganə oğul övladı olub, eyni zamanda da ilk uşağımız idi. Onu çox ərköyün böyütmüşdük. Uşaqlıqda çox sakit təbiətli, böyüklə böyük, kiçiklə kiçik olan bir uşaq olub. Həddindən artıq zəhmətkeş olmaqla yanaşı evimizin bütün problemlərini özü həll edirdi, hər şeyin dalınca özü getməyi xoşlayardı. Ailənin ilk uşağı və yeganə oğlu olduğuna görə hər işi özü görər, bazarlığı belə özü edərdi.2008-ci ildə Zərdabi qəsəbə Bayram Şixəmirov adına məktəbin I sinfinə gedib. Məktəbdə tərbiyəsi, sakit təbiəti ilə seçilən şagird olub, çox dostcanlı, mehriban uşaq idi. Həmişə dostlarının içində seçilirdi. Yeddinci sinfdə oxuyanda yaxşı bal topladı Qubada liseyə daxil oldu və on birinci sinfi orda bitirdi. Ali məktəbə sənəd verdi, amma kodlaşdırmanı düzgün etmədiyi üçün balı aşağı düşdü və ödənişliyə qəbul oldu. Ailənin maddi imkanı zəif olduğu üçün isə pulluda oxumadı. Dedi ki, əsgərliyə gedim gəlim, sonra yenə ali məktəbə sənəd verərəm. Musa sonra sənədlərini peşə məktəbinə verdi, dedi ki, ay ana, orda oxuyaram və ayda heç olmasa 70 manat təqaüd alaram. Amma ali təhsil almaq istəyirdi.
Musagilin həqiqi hərbi xidmətə çağırış dövrü pandemiyaya düşdü, karantin idi deyə onları hələ aparmırdılar, inanın, hər gün çağırış idarəsinə gedib “məni niyə əsgərliyə aparmırsınız?” deyirdi. Gündə gedib çağırış idarəsənin əməkdaşları ilə dava edirdi ki, məni aparın. Bir gün işdə idim zəng vurdu ki, ana, qonşumuz Mahir üçün çağırış vərəqəsi gəlib, amma mənə gəlməyib, mən “voyenkomata” gedirəm. Ordan da deyiblər ki, getmək istəyirsən sabah hazırlaş gəl göndərək. Mən də anayam, dura bilmədim, ağlaya-ağlaya evə gəldim. Dedi ki, ana, mən sabah əsgərliyə gedirəm, Şəmkirə düşmüşəm. Axşam hazırlaşdı, səhər onu yola salırdıq. Səhər də adam çox idi, maşının biri çatmırdı, taksiyə zəng etdik, bir də yoluna bəzi şeylər almaq istəyirdim. Orda da taksini gözləmək istəmirdi. “Birdən taksi gec gələr, birdən gecikərəm, avtobus çıxıb gedər məni gözləməz, siz özünüz nə alırsız alın mən birinci maşınla gedirəm”-dedi. Dedim ki, ay bala, sən ora gedəcəksən, sənin adını çəkəcəklər, avtobus gedə bilməz, səni orda gözləyəcək...Dedi ki, yox ana, sən məni gecikdirəcəksən, sən məni qoymayacaqsan getməyə...Musa şəhid olmağa o qədər tələsirdi ki...O qədər həyəcanlı idi ki... O qədər vətənpərvər uşaq idi ki...Məhəllədən çıxanda da dedi ki, mən gedirəm torpaqları almağa, almamış geri gəlməyəcəyəm, toprpaqları alıb gələcəyəm”.
Ana deyir ki, oğlu əvvəlcə Gəncədəki “N” saylı hərbi hissəsəyə düşür və ordan da Musanın nümunəvi xidmətinə görə onlara fəxri fərmanlar göndərilir. Musanın çox ağıllı, tərbiyəli, yerini bilən, nümunəvi bir gənc olduğunu deyən ana bildirir ki, qısa müddətdə xidmətdə də hər kəsin hörmətini qazanır. “Ordan da Musa Toğanaya hərbi hissəyə göndərilib. Karantin olduğu üçün heç oğlumun andiçməsinə gedə bilmədik. Toğanaya gedəndə zəng vurdu ki, ana, gəlin, artıq valideynlərlə görüşə icazə verilir. Biz də getdik. Sentyabrın 22-i idi. Musa dedi ki, ana, müharibə başlayacaq, əli ilə qarşını göstərib, “o erməni postunu alacağıq” dedi. “Biz müharibədə qalib gələcəyik, əgər qalib gəlməsək bu səfər Gəncəni, Bakını vuracaqlar”-dedi. Fikri-zikri o idi ki, müharibə başlasın və o da torpaqların işğaldan azad olunmasında iştirak etsin, döyüşsün.Dedim ay Musa, mən anayam, ürəyimi parçalama, oğlum, nəbadə özünü qabağa atasan, elə etmə. Musa dedi ki, biz getməliyik, torpaqları qaytarmalıyıq, Vətən üçün yaranmışıq, Vətən üçün də öləcəyik, ana, get rahat yat, oğlun burda səni qoruyur, qoymaram erməni bura gəlsin, burdayıq, qarşılarındayıq. Hələ mənimlə zarafat da etdi.Bir də dedi ki, burdakı su “qara su”dur, içmək olmur, pal-paltarımızı yuyuruq ancaq, ermənilərin postunun yaxınlığından içməli su gətiririk. Dedim ana qurban, dumanda-çəndə getmə, birdən səni əsir götürərlər. Dedi ki, ay ana, onlar bizdən siçan kimi qorxurlar, biz ora su gətiməyə gedəndə qaçıb gizlənirlər. Biz onunla görüşdən qayıtdıqdan on gün sonra Musa şəhid oldu. Sentyabrın 27-si günü özü könüllü olaraq döyüşə qoşulub. Hərbi hissədən komandirləri deyib ki, sən getmə, qərargahda qal, burdan keçən silahlı maşınları yoxla. Musa etiraz edərək deyib ki, siz nə danışırsınız, mən hərbi hissədə qalmıram, döyüşə gedirəm. Hərbi hissədə starşina ilə dava edib ki, məni saxlaya bilməzsən, döyüşə gedirəm. Gedib bronejiletini geyinib, silahını götürüb və döyüşə gedib. Sentyabrın 27-dən oktyabrın 2-nə qədər döyüşdə olub. Ayın 2-də onlarıBuzluq kəndi istiqamətində ermənilər ağır silahlarla vurublar...
Evimizin bircə yanan çırağı Musanın şəhid olması xəbəri bizi elə sarsıtdı, elə yandırdı ki, sözlə deyə bilmirəm, dilim ağzımda yanır...18 yaşlı balam canını Vətən uğrunda könüllü qurban verdi, oğlumun niyyəti hasil oldu, torpaqlarımız işğaldan azad olundu...”
Musanın əsgərlik və döyüş yoldaşı Elcanın dediklərindən:
“Müharibə başlayan gün “Satko”lar (döyüş maşını) gələndə Musa bizim starşinadan yapışmışdı ki, mən də döyüşə getməliyəm. Bizi qabağa aparıb-aparmayacaqları heç dəqiq deyildi. Amma Musa bronejiletini geyinib silahını götürüb “Satko”nun yanında durmuşdu, döyüşə getmək üçün israr edirdi. Starşinamız özü Allah şahididir ki, Musa ondan əl çəkmirdi, “gedək-gedək” deyirdi. Starşina qışqırırdı ki, siz 3 ayın əsgərisizniz hərbi hissədə qalın, sizi aparmırıq. Ən son “Satko”da bizə dedilər ki, hamı getməlidir və biz ən axrıncı döyüş maşını ilə çıxdıq. Ayın 27-si günü axşamüstü bizim taborun köhnə əsgərlərindən bir qismini atəşə dəstək üçün aparırdılar. Amma bizim “prizıv”ı aparmırdılar ki, siz gənc əsgərlərsiniz. Musa ilə mən sentyabrın 27-si, 28-i, 29-u, bir də oktyabrın 1-i səhər tezdən yanaşı olmuşuq.
Mən Musa ilə əvvəlki hərbi hissədəki xidmətdə tanış deyildim, sonra digər hərbi hissədə tanış oldum. Çox yaxın olmasaq da, danışırdıq, söhbət edirdik. Biz vurulduğumuz səhərin gecəsi yadıma gəlir ki,yerimizi dəyişdilər, bizi aşağı düşürdülər. Çünki bizi ordan PUA-lar çəkib vura bilərdi.
Hardasa 200-300 metr aşağı düşdük, ora atlargətirdilər. Bu atları bizə kəndlilər vermişdilər. Musa at çapdı və 2-3 “kruq” vurmuşdu ki, “düş atdan, yıxılarsan, tanımadığın atdı” deyə qışqırdım.
Gecə düşəndən sonra qışqırdılar ki, PUA-larfırlanır, hərə bir qayanın arxasına çəkilsin, biz Musa ilə yanaşı getdik. Mənədedi ki, gəl yaxın duraq bizə soyuq dəyməsin. O gecə dəhşət soyuq idi, dişimiz bir-birinə dəyirdi. Sonra Musa cibindən bir alma çıxardı, bölüb yedik.
Oktybarın 1- nə keçən gecə ilk dəfə bizə palatka gətirdilər. O günə kimi torpağın üstündə yatırdıq. Biz təpəlikdə idik, lap aşağıdan çay axırdı…Dedilər ki, çaydan işıq görsənir…Nə isə, səhər açıldı yemək yedik. Musa da yanımda idi. Dedim ki, artıq 4 ayımız tamam olur.
Sözümün üstündən 2 dəqiqə keçmədi ki, bizi vurdular və mən ilk atışda yaralandım. Məni götürüb “Satko” ilə aparanda Musanı gördüm, üstü qan idi. Amma gözüm zəifdi, bilmədim öz qanı idi, ya yanında kimsə şəhidmi olmuşdu onun qanı idi. Bilə bilmədim. Məni “Satko”da aparanda yanımda şəhidlər də var idi, digər yaralılar da. Amma Musanı onların içində görmədim.
Şəmkirdə müalicə olunurdum, yaralanmağımdan 1 həftə keçmişdi ki, ora yaralı bir qazi gətirdilər. Dedi ki, Elcansan, səninlə bir yerdə olduq, eyni vaxta yaralandıq, Sizi aparan “Satko” gedəndən sonra ermənilər yolu vurdular, ordan başqa yaralılar çıxa bilmədilər. Mən ondan Musanı soruşdum, tanımadığını dedi.
Mən bir də “Papanin”də yatanda Musanın şəklini gördüm və onda bildim ki, Musa şəhid olub.
Musa ilə “Əzgilidə” olanda çox da yaxın deyildik. Hətta bir dəfə onun şampunundan istifadə etmişdim deyə mənə əsəbləşmişdi ki, o mənimdir. Dedim ki, narahat olma, evə qayıdaq, ən yaxşı şampunu alıb sənə hədiyyə edəcəyəm. Çox mərifətli uşaq idi. Orda hər cür adam var idi. Musa sakit, dinməz uşaq idi.Saf olduğu bilinirdi. Mən heç gözləməzdim ki, o sakit uşaq elə edə. Biz çöldə oturmuşduq, birdən-birə tabordan çıxdı və gördük ki, artıq geyinib durub döyüş maşının yanında, israrla “məni də aparın, burda qalmıram” deyir. Yenə deyirəm, çünki bizə demişdilər gənc əsgərləri aparmayacağıq. Musa yerində dayanmırdı, israr edirdi ki, məni də aparın, döyüşmək istəyirəm. Mən yaralandığım günə kimi Musa ilə torpağın üstündə bir yatıb, bir durmuşuq... Biz vurulandan sonra onları başqa yerə keçiriblər orda şəhid olub, yoxsa başqa yerdə, bilmirəm. Nə qədər maraqlandım, Musa haqqında heç kim dəqiq bir söz demədi”.
Qəhrəmanımız Musa belə oğul olub, gözünü qırpmadan canını Vətən üçün fəda edib. Məhəmmədovlar ailəsinin Musa adlı çırağı sönsə də, Vətən torpaqları azad olunub, indi azad ellərdən gur işıq seli gəlir, o işıq seli şəhidlərin ruhunun nurudur...
İradə SARIYEVA
Quba-Bakı