Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa amerikalı həmkarı Donald Trampla görüşmək istədiyini bildirib. Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.
Onun dediyinə görə, Tramp öz növbəsində həm Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə açıqdır. Levitt qeyd edib ki, Tramp və Putin arasında görüş "tam şəkildə mümkündür": "Prezident Trampın "Truth Social" platformasında yazdığı kimi, xüsusi nümayəndə Stiv Uitkoff və Prezident Vladimir Putin arasında görüşdə əhəmiyyətli irəliləyiş əldə olunub. Rusiya tərəfi Prezident Trampla görüşmək istəyini bildirib və Prezident həm onunla, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib".
Eyni zamanda "The New York Times" (NYT) qəzeti vəziyyətlə tanış olan iki mənbəyə istinadən yazıb ki, Tramp Putin və Zelenski ilə şəxsi görüş planlaşdırır. Məlumata görə, Tramp da Putinin Moskvada Uitkoff ilə görüşündən sonra Avropa liderləri ilə danışıqlar zamanı Putin və Zelenski ilə görüşmək istəyini bildirib. NYT-nin yazdığına əsasən, Tramp gələn həftə Putinlə görüşməyi, daha sonra isə Zelenski ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığını öz "Telegram" səhifəsində şərh edib: "Sumı vilayətində olarkən Prezident Trampla söhbət etdim. Bu söhbət Prezident Trampın nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfərindən sonra oldu. Bizim tərəfdaşlarımızla ortaq mövqeyimiz tamamilə aydındır: müharibə bitməlidir. Və bu, vicdanlı son olmalıdır. Söhbətdə Avropa liderləri də iştirak etdilər və mən onların hər birinə verdiyi dəstək üçün minnətdaram. Biz Moskvada elan edilənləri müzakirə etdik".
Məlumata görə, danışıqlarda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merz və NATO-nun baş katibi Mark Rütte iştirak ediblər.
Bu arada, ABŞ Prezidenti Donald Tramp Moskvada keçirilən ABŞ-Rusiya danışıqlarından sonra onun Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalının yüksək olduğunu bildirib.
Son məlumata əsasən, Ağ Evdə "Apple"ın ABŞ-də yeni investisiyalarına həsr olunmuş iclasda çıxış edən Tramp Rusiya və Ukrayna arasında münaqişə ətrafında yaranmış vəziyyəti şərh edib. O, müharibənin tez bir zamanda bitməsini istədiyini vurğulayaraq Moskvada keçirilən danışıqları "çox məhsuldar" adlandırıb və bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib.
Putinlə görüşün mümkünlüyü ilə bağlı sualı cavablandıran Tramp, "Bəli, bunun başvermə ehtimalı çox yüksəkdir. Biz hələ məkanla bağlı qərar verməmişik, yol uzun olacaq, lakin görüşün yaxın vaxtlarda baştutma ehtimalı yüksəkdir", - deyib. Eyni zamanda Ağ Ev rəhbəri mümkün görüş üçün konkret tarixlər bildirməkdən çəkindiyini qeyd edib.
R.CƏFƏROV,
"Azərbaycan"