Yardımlı rayonunda yol tikintisi zamanı qədim dövrə aid yaşayış məskəni üzə çıxıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Ağalarzadə məlumat verib.
Onun sözlərinə görə, Keçələkəran kəndi ərazisində, Viləşçay qədim yaşayış məskənində aparılan arxeoloji tədqiqatlar zamanı son tunc – erkən dəmir dövrünə aid çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilib.
Qazıntılar zamanı çay daşından inşa edilmiş ev bünövrələri, təsərrüfat quyuları, ocaq yerləri, müxtəlif ölçülü və formalı küp fraqmentləri, məişətdə istifadə olunan miniatür qab qırıntıları, həmçinin toxuculuq üçün istifadə edilən sümüklərdən hazırlanmış iy başlıqları tapılıb.
Mütəxəssislərin fikrincə, bu tapıntılar həmin ərazidə bir zamanlar toxuculuq, maldarlıq və digər sənət sahələrinin inkişaf etdiyini göstərir.
Qeyd edək ki, Viləşçay yaşayış məskəni Masallı–Yardımlı avtomobil yolunun 41-ci kilometrliyində, kəndə yeni yol çəkilişi zamanı müəyyən edilib.
Sabutay, Bizim.Media, Cənub bürosu