Prezident Emmanuel Makron Fransa ilə Əlcəzair arasında imzalanmış 2013-cü il razılaşması çərçivəsində Əlcəzair diplomatlarına və rəsmi şəxslərinə verilən vizasız giriş imtiyazının ləğv edilməsini istəyib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Makron Baş nazir Fransua Bayrouya məktubla müraciət edərək, vizaların bu kateqoriyasında dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb. Makron bu qərarını Paris və Əlcəzair arasında artan diplomatik gərginliklə əlaqələndirib. O, iki ölkə arasında münasibətlərin qeyri-bərabər olduğunu və Fransanın Əlcəzairə qarşı daha sərt və prinsipial mövqe tutmalı olduğunu bildirib.
Makronun bu qərar qüvvəyə minərsə, bu, Fransa-Əlcəzair münasibətlərində mühüm diplomatik dönüş nöqtəsi olacaq. Diplomatik pasport sahiblərinə qarşı vizasız rejimin ləğvi, Parisin son illərdə Şimali Afrika ölkələri ilə – xüsusilə də miqrasiya və təhlükəsizlik sahəsində daha sərt siyasətə keçidinin davamı kimi qiymətləndirilə bilər.
Viza mövzusu Fransa ilə Əlcəzair arasında uzun illərdir ki, həssas məsələ olaraq qalır. Son illərdə isə Paris bu aləti ikitərəfli münasibətlərdə siyasi təzyiq vasitəsinə çevirib. Bu dəfə qərarın diplomatik pasport sahiblərini əhatə etməsi, Fransa tərəfindən Əlcəzairə qarşı konkret və sərt siyasi mesaj olaraq dəyərləndirilir.
"Cebheinfo.az"