Xaçmaz rayonunda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı baş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festivalların keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialını daha geniş ictimaiyyətə tanıtmaq, yerli fermerləri və aqrar sahədə fəaliyyət göstərən sahibkarları dəstəkləmək, eyni zamanda bölgənin aqroturizm imkanlarının inkişafına töhfə verməkdir.
Festival çərçivəsində Xaçmaz rayonundan olan fermerlər və təsərrüfat sahibləri öz məhsullarını - xüsusilə də yerli şaftalı sortlarını sərgiləyiblər. Sərgidə kənd təsərrüfatı məhsulları ilə yanaşı, texnoloji yeniliklər, innovativ aqrar xidmətlər və müxtəlif yerli brendlər də təqdim olunub.
Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, eləcə də banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel zamanı subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta mexanizmləri, sertifikatlaşdırma məsələləri və məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat verilib, fermerlərin sualları cavablandırılıb.