AZ

Azərbaycan və Ermənistanın Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq - Rubio

Azərbaycan və Ermənistanın avqustun 8-də Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Daha geniş sülh gündəminə gəldikdə, prezident sülhə nail olmaqda qətiyyətlidir və sülh prezidenti olmaq istəyir. Azərbaycan və Ermənistana gəldikdə, avqustun 8-də biz burada olacağıq və sülh müqaviləsinin başlanğıcı olacaq sazişi imzalayacağıq", - deyə o bildirib.

Qeyd edək ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması gözlənilir.

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir.

Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızın bu tələbi də Ermənistan tərəfindən qəbul edildi.

Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır.

Seçilən
4
18
gundem.az

10Mənbələr