AZ

"Azərbaycan və Türkiyə bölgə ölkələri üçün nümunəvi dövlətlərdir" -

“Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya çatdırılması yalnız strateji, iqtisadi və ticarət addımı deyil, enerji ixracı tarixində mühüm mərhələdir”. Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Yavuz Subaşı deyib. Sabiq deputat qeyd edib ki, bu mərhələ ilə birlikdə Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni bir enerji körpüsünün əsası qoyulub: “Azərbaycan təbii qazının Türkiyə–Suriya təbii qaz boru kəməri vasitəsilə Suriyaya ixracına başlanması Azərbaycanın etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha göstərdi. Cənub qaz dəhlizi, Trans-Adriatik təbii qaz boru kəməri, Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın təbii qaz ixrac coğrafiyasının genişlənməsinə mühüm töhfələr verən layihələrdir. Azərbaycanın Türkiyə üzərindən Kilis vasitəsilə Suriyaya gündə 6 milyon kubmetr həcmində qaz ixracı həyata keçirilir. Bu təbii qazla Suriyadakı elektrik stansiyalarının da yaxın zamanda işə salınması və təxminən 5 milyon ev təsərrüfatına xidmət göstərilməsi Azərbaycanın bölgədə güc sahibi olduğunun konkret göstəricisidir”. Yavuz Subaşı onu da vurğulayıb ki, Azərbaycan təbii qazının Avropadan sonra Yaxın Şərq ölkələrində də istifadə olunmağa başlanması, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib: “Azərbaycanın Yaxın Şərq və ərəb ölkələri ilə görəcəyi iqtisadi və ticarət əlaqələri bölgədə sülh və demokratiyanın təşviqi üçün tarazlaşdırıcı siyasi prosesə çevrilə bilər. Bu, uzunmüddətli perspektivdə bölgə ölkələri üçün faydalı təminatdır. Ümumiyyətlə, Türkiyə və Azərbaycanın birgə şəkildə Yaxın Şərq və Cənubi Qafqazda ortaq maraqlar əsasında hərəkət etməsi Yaxın Şərqdə müxtəlif ölkələrdə dağınıq şəkildə yaşayan çoxsaylı Türk vətəndaşlarının gələcəyi üçün də təhlükəsizlik mühiti yaradacaq. Cənab pezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaq vizyonu və liderliyi çərçivəsində Azərbaycan və Türkiyə bölgə ölkələri üçün nümunəvi dövlətlər olacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
130
50
metbuat.az

10Mənbələr