AZ

Prezident İlham Əliyev: Həqiqətən tarixi bir günə şahidlik edirik

“SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı. Əminəm ki, ciddi substansiv layihələrə start veriləcək.
Öncədən demək istəmirəm, amma çox böyük ehtimalla deyə bilərəm ki, Azərbaycanda neftlə bağlı olan böyük resurslar üzə çıxacaq”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.

Prezident bildirib ki, “ExxonMobil” neft-qaz sahəsində böyük təcrübəyə, müasir texnologiyaya malik şirkətdir, Azərbaycanda da böyük təcrübəyə malikdir: “1994-cü ildə Azəri-Çıraq-Günəşli layihəsinə qoşulmuşdu. Dünən də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkof və mənim iştirak etdim imzalanma mərasimi də dəlalət edir ki, biz bu layihənin gələcəyinə inanırıq. Mənə inanın, biz inanmasaydıq, həmin görüşdə, həmin imzalanma mərasimində iştirak etməzdik. Mən imzalanma mərasimlərində çox nadir hallarda iştirak edirəm. Bəzən müqavilələrin imzalanma mərasimində iştirak edirəm. Amma bu, bir Anlaşma Memorandumudur. Bu kontekstdə bir neçə texniki, fərqli fakorlar var. Biz deyə bilərik ki, böyük karbohidrogen resurslarının kəşfi üçün böyük ehtimallar var”.

Azərbaycan Prezidenti qeyd edib ki, hazırda karbohidrogen resursları sanki ayrı-seçkiliyə məruz qalıb: “Son 10 ildə bu resurslar inkar edilirdi. Hazırda bu resurslar yenidən gündəmdədir. ABŞ-ın “EXIM Bank”ı ilə maliyyə məsələləri müzakirə olunur, həmin resursların nəqli ilə bağlı bir sıra məsələlər var. Enerji əməkdaşlığımızda əsas məsələlərdən biri olacaq. Prezident Trampla imzalanan Bəyannamədə də enerji maddəsi önəmlidir. Enerji nədir? Neft, qaz, bərpa olunan enerji. Hazırda Azərbaycan NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə qaz nəql edir. Qaz kəmərləri ilə 14 ölkəni əhatə edirik. Qaz kəmərləri baxımından da Azərbaycan dünyada lider ölkələrdən biridir. NATO-nun 10 üzvü, Avropa İttifaqının 10 üzvündən söhbət gedir. Bu yaxınlarda təbii qazı Suriyaya nəql etməyə başladıq. Artıq Orta Şərqə daxil oluruq. Biz həm Avropada, Həm Orta Şərqdə coğrafiyamızı genişləndirəcəyik. Amma bu, sadəcə, məsələlərdən biridir. Bu, bizim gələcək proqramımızın bir hissəsidir”.

Dövlət başçısı ümidlərin çox olduğunu vurğulayıb: “Gələcəkdə ABŞ ilə süni intellekt, rəqəmsal transformasiya sahəsində işləmək üçün böyük imkanlar var. Artıq ilkin təmaslar mövcuddur. Burada bizim komandalar, ABŞ şirkətləri arasında bu münasibətlər mövcuddur. Gələcək də parlaqdır, imkanlar çoxdur. Bu gün həqiqətən təhlükəsizlik, Cənubi Qafqazda sabitlik, sülh, iqtisadi imkanlar sərmayələr, enerji təhlükəsizliyi və bir sıra digər mövzular üzrə tarixi bir günə şahidlik edirik”.

Seçilən
21
3
apa.az

4Mənbələr