AZ

Naxçıvana maneəsiz keçid reallaşır

"Tramp marşrutu" üzrə İşçi qruplar gələn həftə toplanır - Moskva və Tehranın mümkün addımı

Regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyan "TRİPP" - Trump Route for International Peace and Prosperity ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu") təşəbbüsü üzrə ilk praktik addımlar atılır.

"Yeni Müsavat" xəbər verir ki, gələn həftə bu layihə çərçivəsində texniki işçi qrupların ilk görüşü keçiriləcək. Görüşdə marşrutun keçəcəyi ərazilər, təhlükəsizlik mexanizmləri və texniki koordinasiya məsələləri müzakirə olunacaq.

Məlumata görə, "TRİPP" təşəbbüsü ABŞ prezidenti Donald Trampın adını daşıyır və onun şəxsi nümayəndəsi, iş adamı və diplomat Stiv Vitkoffun vasitəçiliyi ilə irəli sürülüb. Layihə Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yeni ticarət və yükdaşımalar marşrutunu nəzərdə tutur.

Bu təşəbbüs artıq "dəhliz" anlayışı ilə deyil, mülki, iqtisadi və kommersiya yönümlü bir marşrut kimi təqdim olunur. Vaşinqton regiona hərbi yox, iqtisadi iştirakla daxil olmağa çalışır. Layihənin icrasında ABŞ-ın "birinci dərəcəli operatorları" vasitəsilə idarəetmə və nəzarət həyata keçiriləcək, ərazidə qoşun və ya hərbi baza yerləşdirilməsi nəzərdə tutulmur.

Ekspertlər "TRİPP" layihəsini regionun geosiyasi xəritəsini yenidən cızacaq təşəbbüs kimi dəyərləndirirlər. Bu marşrut yalnız Azərbaycanın Naxçıvanla birləşməsini deyil, eyni zamanda Avropa ilə Asiya arasında yeni ticarət və enerji bağlantısını təmin edə bilər. Elektrik, qaz, neft və optik lif xətlərinin bu marşrut üzərindən keçməsi planlaşdırılır ki, bu da Orta Dəhlizə alternativ və daha təhlükəsiz bir yol yaradacaq.

Qərbin bu təşəbbüsü Rusiyanı və İranı narahat edir. Çünki bu marşrut onların regiondakı mövqelərini zəiflədə bilər. Moskva və Tehran "Zəngəzur dəhlizi"nin öz nəzarətlərində olmasını istəyirdi, amma "TRİPP" layihəsi bu təsiri kənarlaşdırır.

Azərbaycan üçün isə ən vacib məqam - Naxçıvana təhlükəsiz və maneəsiz keçidin təmin olunmasıdır. Bu məqsədə Vaşinqtonun dəstəyi ilə daha çevik və siyasi maneələrsiz çatmaq mümkündür.

İndi diqqətlər bu suallar üzərində cəmləşib:

- Marşrut nə vaxt hazır olacaq?

- Layihənin icrası nə qədər vaxt aparacaq?

- Rusiya və İran bu prosesə necə reaksiya verəcək?

Politoloq Zaur Məmmədov "Yeni Müsavat"a açıqlamasında deyib ki, marşrutun çox az məsafəni nəzərdə tutmasına baxmayaraq, olduqca vacib strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu marşrut Türkiyə, Rusiya, ABŞ, Avropa İttifaqı, Rusiya, İran və digər ölkələrin maraqlarının kəsişdiyi və toqquşduğu nöqtədir:

"Bu yolun açılması ilə bağlı anlaşmaya əsasən Ermənistan ABŞ-in şirkətinə Zəngəzur yolunu bir neçə 10 illik ərzində "Tramp marşurutu" adı altında icarəyə verəcək və maneəsiz gediş-gəliş təmin olunacaq. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı, orta xətti birləşdirən marşurut yaradılacaq. Lakin təşəbbüsün reallaşdırılması o qədər də asan deyil. Çünki kifayət qədər ziddiyətli məqamlar var.

Gələn həftə baş tutması planlaşdırılan Tramp-Putin görüşünü də gözləməliyik. Görüşün nəticəsi Cənubi Qafqazdakı proseslərə mütləq şəkildə təsir edəcək. Lakin dediyim kimi Rusiya və ABŞ dövlət başçılarının görüşündən sonra qəti söz demək mümkün olacaq". 

Politoloq bildirib ki, marşrutun reallaşması Trampın öz prinsiplərinə sona qədər sadiq qalmasından asılı olacaq: "Məsələn, Tayvan və Çin məsələsində bir qədər geri çəkilmə oldu. Çinlə bağlanacaq iqtisadi saziş ərəfəsində Tramp hətta Tayvanın liderini qəbul etmədi. Həmçinin Ukrayna-Rusiya müharibəsinin atəşkəslə nəticələnməsi ilə bağlı Trampın bir sıra tövsiyələri var idi. Ona görə də düşünməyək ki, Cənubi Qafqazla bağlı Rusiya və İran asanlıqla Trampa güzəştə gedəcək. Bu baxımdan, "bölgü bazarlığı"nın olması mümkündür. Bu siyasi bazarlıq Suriyanı, Yaxın Şərqi, Ukraynanı, Mərkəzi Asiyanı, Şərqi Avropanı, o cümlədən Cənubi Qafqazı əhatə edə bilər. Buna görə də Azərbaycan Ermənistandan fərqli olaraq Zəngəzur dəhlizi və ya regiondakı digər nəqliyyat qovşaqları ilə bağlı 3-cü ölkə ilə anlaşmaya getmir. Bu təşəbbüs sırf Ermənistan və ABŞ arasında  imzalanacaq sənəddir və Rusiya tərəfindən problemləri çoxaldacaq məsələdir".

Z.Məmmədov liderlərin avqustun 8-də Vaşinqtondakı görüşünün marşrutun reallaşmasına təsirindən də danışıb. O bildirib ki, dövlət başçıları arasındakı görüşdən gözləntilər müsbətdir: "Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş Əbu-Dabi və baş tutacaq Vaşinqton görüşünün nəticələri Cənubi Qafqazdakı prosesləri sülhə, sabitliyə və suverenliyə doğru aparacaq. Bu görüşlər Ermənistanı Azərbaycana və Türkiyəyə daha da yaxınlaşdıracaq. Bugünki görüşlə Ermənistan Qarabağla bağlı heç bir mübahisəli məsələnin olmaması öhdəliyini üzərinə götürəcək. Çünki biz bilirik ki, Trampa qarşı da cidid təzyiqlər var. ABŞ-dəki erməni diasporası, erməni konqresmenlər tərəfindən hətta Ağ Evə məktub göndərilib. Siyasi təzyiq və manipulyasiyadan istifadə edilir. Trampı günahlandırırlar ki, o, Qarabağ ermənilərin geriyə qayıdış məsələsini gündəmə gətirmir.

Hesab edirəm ki, Vaşinqton danışıqları Azərbaycanın 2022-ci ildən bəri bəyan etdiyi təkliflər ətrafında aparılacaq. Tramp da bunu qəbul edir. ABŞ lideri Azərbaycanın masa üzərinə qoyduğu prinsiplər üzrə hərəkət edir. Ümumilikdə deyə bilərəm ki, "Tramp marşurutu"nun reallaşması bu görüşdən və bölgə ətrafındakı geosiyasi proseslərdən, ABŞ-Rusiya danışıqlarından asılı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
olaylar.az

1Mənbələr