AZ

Azərbaycan tarixinin qızıl səhifəsi Komitə sədrindən AÇIQLAMA

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıblar. Bəyannamədə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, həmçinin Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi məsələlər yer alıb.

Vaşinqtonda baş vermiş daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir.

Qeyd edək ki, paraflanma hələlik sülh sazişinin imzalanması demək deyil. Belə ki, bəyannamədə qeyd olunur ki, sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac var. Burada söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Bəyannaməyə əsasən, Tramp Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq.

Milli Məclisin komitə sədri Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistanın, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh müqaviləsi imzalaması Azərbaycan tarixində əlamətdar və qızıl səhifələrdən biri oldu.

O qeyd edib ki, bu hadisə təkcə iki ölkə arasında deyil, eyni zamanda bütün Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və birgə yaşayışın təmin olunması baxımından mühüm zəmanət hesab olunur:

“Cənab Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti bu gün də öz parlaq bəhrələrini verir. Azərbaycan xalqının uzun illər gözlədiyi mühüm bir sənədə imza atılması ölkəmiz üçün böyük nailiyyətdir. Bu sülh müqaviləsi gələcəkdə iki ölkə arasında düşmənçiliyin aradan qaldırılmasına, münasibətlərin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın bərqərar olunmasına möhkəm təməl yaradır.

Şübhəsiz ki, sülhün təmin olunması və əlaqələrin inkişaf etdirilməsi həm Azərbaycanın, həm də Ermənistanın milli maraqlarına xidmət edir. Çünki uzun sürən müharibə hər iki xalq üçün ağır itkilərə səbəb olub. Onminlərlə insan həlak olub, şəhər və kəndlər dağıdılıb, iqtisadiyyat ciddi zərər görüb”.

Millət vəkili bildirib ki, ABŞ-ın birbaşa təşəbbüsü və vasitəçiliyi ilə bu cür bəyannamənin imzalanması gələcək inkişaf üçün möhkəm əsaslar yaradır və tərəflər arasında münasibətlərin normallaşmasına geniş imkanlar açır:

“Xüsusilə, Zəngəzur dəhlizinin "Tramp Körpüsü Nəqliyyat Dəhlizi" adlandırılması Azərbaycan üçün olduqca önəmlidir. Bu dəhliz təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri və dünya iqtisadiyyatı üçün əhəmiyyətli nəqliyyat və ticarət arteriyasına çevriləcək. Dəhlizin açılması qonşu ölkələrlə iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, ticarətin genişlənməsinə və region xalqlarının bir-birinə daha da yaxınlaşmasına xidmət edəcək”.

T.Rzayev əlavə edib ki, ABŞ-ın bu dəhlizlə bağlı zəmanət verməsi və onun səmərəli istismarı üçün səylər göstərməsi, bu təşəbbüsün qlobal diqqət mərkəzində olacağına və beynəlxalq əməkdaşlığa təkan verəcəyinə işarədir. Onun sözlərinə görə, bu eyni zamanda dünyanın aparıcı dövlətlərinin maraqlarına uyğun olaraq regional sabitliyə və rifaha töhfə verəcəkdir.

“Bu gün Azərbaycan xalqı sevinc içərisindədir. İlham Əliyevin uzaqgörən siyasəti, verdiyi vədlərə sadiqliyi və qətiyyəti nəticəsində uzun illər arzulanan bir reallıq gerçəkləşdi. Vaşinqtonda Azərbaycan bayrağının dalğalanması və ABŞ Prezidenti Donald Trampın ölkəmizin fəaliyyətinə verdiyi yüksək qiymət hər bir vətəndaş üçün qürurvericidir.

Həmin görüşdə gələcək üçün nəzərdə tutulan layihələr və planlar Azərbaycanın inkişafı üçün mühüm stimul olacaq. Strateji tərəfdaşlığa dair sazişin imzalanması və birgə bəyannamədə əks olunan müddəalar Azərbaycanın milli maraqlarının qorunması və inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir”.

Deputat son olaraq onu da diqqətə çatdırıb ki, bütün bu proseslər Azərbaycanın ABŞ-la əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır.

“Belə bir bəyannamənin imzalanması Azərbaycan xalqının firavanlığı, təhlükəsizliyi və xoşbəxtliyi üçün olduqca vacib və əhəmiyyətlidir”-deyə T.Rzayev bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
1
modern.az

10Mənbələr