AZ

Hərbi uğura bərabər diplomatik zəfər: ABŞ-də imzalanan Bəyannamə Cənubi Qafqazda əbədi sülhün yolunu açacaq

Qulamhüseyn Əlibəyli: Bu qələbə diplomatiya dərsliklərinə düşəcək

Avqustun 7-8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də səfərdə olub. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər həmçinin iki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır. Azərbaycan Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır. Bununla yanaşı, səfər ə çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir. Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a deyib ki, Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə sözün tam mənasında tarixi bir sənəddir. Ekspertin sözlərinə görə, bu sənəd mahiyyət etibarilə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi hərbi qələbəsini geosiyasi, beynəlxalq hüquqi və diplomatik müstəvidə tam rəsmiləşdirdi:

 "Bəyannamədə nəzərdə tutulan müddəaları bir neçə istiqamətdə qruplaşdırmaq olar. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması çox mühümdür. Sülh sazişinin layihəsi çoxdan hazır olsa da Ermənistan müxtəlif bəhanələrlə sazişi imzalamaqdan faktiki imtina edirdi. Lakin sazişin mətnini paraflamaqla Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsi, yəni sazişin imzalanmasına mane ola biləcək halların aradan qaldırılması  öhdəliyini götürdü. Digər məsələ Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığının bir daha beynəlxalq  müstəvidə təsbitidir. Sənəddə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipinə istinad bunu bir daha təsdiq edir. Azərbaycanla Ermənistan arasında postmünaqişə dövründə münasibətlərin əsas prinsiplərinin müəyyən edilməsi də önəmlidir. Ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipinə istinad Ermənistanda gələcək revanşizm cəhdlərinə qarşı hüquqi baza yaradılmasına xidmət edir".

Q.Əlibəyli əlavə edib ki, adı dəyişdirilsə də, Zəngəzur dəhlizinin açılması olduqca vacibdir: 
"Bu, dəhlizin açılmaması üçün Ermənistanın müxtəlif bəhanələr uydurmasının qarşısını alıır. Şübşəsiz ki, dəhlizin açılması Azərbaycanın və bütövlükdə Türk dünyasının nəqliyyat, logistika və təhlükəsizlik sistemlərinə strateji təsir göstərəcək. Eyni zamanda Ermənistanın kommunikasiya imkanlarını genişləndirəcək və regionda bütün tərəflər üçün faydalı ola biləcək yeni əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxaracaq. O cümlədən, ATƏT-in Minsk qrupunun ləğvi də müstəsna əhəmiyyət kəsb edir. ATƏT-in Minsk Qrupunun və onun strukturlarının ləğvi münaqişəni gələcək üçün “dondurmaq” funksiyasını yerinə yetirən mexanizminin saxlanmasının təhlükəli ola biləcəyini göstərir. Azərbaycanın qələbəsini vasitəçilik predmeti olmaqdan çıxarır".

Siyasi şərhçi hesab edir ki, bütövlükdə bu Bəyannamə Azərbaycanın və onun müttəfiqlərinin regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq miqyasda etirafı, Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım kimi qiymətləndirilməlidir: 
"Bu sənəd regional sabitlik və davamlı sülh üçün geniş perspektivlər açır. Azərbaycanın hərbi qələbəsinə bərabər geosiyasi və diplomatik  qələbədir. Vətən müharibəsindəki hərbi strategiya və taktikamız hərb dərsliklərinə düşdüyü kimi bu qələbəmiz və ona gətirib çıxaran siyasi strategiya və taktikamız də diplomatiya və politologoya  dərsliklərinə düşə bilən qələbədir
Əlbəttə, Ermənistan cəmiyyətində revanşizm əhvalının güclü oldüğunu, Rusiya və İran kimi qonşu dövlətlərin  mövqeyini nəzərə alaraq Bəyannamənin müddəalarının həyata keçirilməsində müəyyən qisqlərin olduğu da qeyd edilməlidir. Lakin bu risqlər sənədin əhəmiyyətinə təsir göstərə bilməz. 
Azərbaycan xalqına, dövlətimizin başçısı cənab İlham Əliyevə, diplomatiyamıza haqq  elədikləri  növbəti qələbə münasibətilə Təbriklər düşür".
Seçilən
28
49
sherg.az

10Mənbələr