BAKI, 9 avqust. TELEQRAF
"Donald Trampın dəvəti ilə Ağ Evdə keçirilən bu tarixi görüş həm Azərbaycan - ABŞ strateji münasibətlərində, həm də Azərbaycan–Ermənistan sülh prosesində yeni bir mərhələ açdı".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva avqustun 8-də Vaşinqtonda Azərbaycan- ABŞ-Ermənistan liderlərinin görüşünün nəticələrini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan və ABŞ liderlərinin regional bağlantılar, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə "Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu" imzalaması iqtisadi inkişafın gücləndirilməsi üçün çox mühüm addım idi:
"Prezident Trampın ABŞ hökumətinin Azərbaycana birbaşa yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı dövlət başçımıza, Azərbaycan xalqına qarşı bir jest idi. Onun iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur. Həmçinin ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə məktub ünvanlandı və nəhayət, 2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması baş verəcək. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması onun tam razılaşdırıldığını təsdiqləyir:
"Paraflama yekun saziş olmasa da, sülhə doğru atılmış mühüm addımdır. Azərbaycan və Ermənistan de-fakto sülh içində olmaqla yekun və dayanıqlı sazişin son mərhələsindədir. ABŞ Zəngəzur dəhlizinin fəaliyyətinin zəmanətində rol oynayacaq, bu, Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı olacaq. Trampın şəxsən bu rolu öz üzərinə götürməsi, Vaşinqtonun təhlükəsiz və açıq nəqliyyat əlaqələrini dəstəkləməyə hazır olması, regionun sabitləşməsinə, yeni geosiyasi və geoiqtisadi reallıqların gəlməsi deməkdir.
Bu dəhliz regional iqtisadi potensialın yüksəlməsi, sərhədlərin açılması və təkcə regional ölkələri üçün deyil, həm də Avropa, Mərkəzi Asiya və Çinlə üçün yeni nəqliyyat dəhlizlərinin yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, Birgə Bəyannamənin hər üç tərəfi üçün yeni dividentlər qazandıracaq. Amerikalılar bu layihədə təhlükəsizlik təmin etməklə, logistika və əməliyyat şirkətlərini cəlb etməklə iştirak etməyi təklif edirlər. ABŞ-nin iştirakı bu layihəni daha da gücləndirəcək".