"Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub.
90deqiqe.Az-ın məlumatına görə, bunu klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev "Turan Tovuz"un mətbuat xidmətinə açıqlamasında bildirib.
O, azarkeşlərin komanda üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Əgər azarkeşlərimiz olmasa, bizim Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdur. Mənim həyat fəlsəfəm ondan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. "Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub".
Klub rəhbəri həmçinin Türkiyədə keçirilən təlim-məşq toplanışını dəyərləndirib:
"Türkiyədəki təlim-məşq toplanışımız çox səmərəli keçdi. Baxmayaraq ki, hələ komandanı tam komplektləşdirmək olmadı. Çünki etdiyimiz transferlərdə yanılmaq istəmirik. Nəzərə alsaq ki, büdcəmiz o qədər də böyük deyil. Əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür. Komandaya fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Bundan başqa, tibbi personalımızı gücləndirdik".
Quliyev transfer işlərinin davam etdiyini də qeyd edib:
"Azarkeşlərə bildirmək istəyirəm ki, yeni futbolçuların alınması barədə müzakirələr aparırıq. Bundan sonra minimum 2-3 futbolçunu da heyətə cəlb etməyi planlaşdırırıq. Skaut heyətimiz bu işin üzərində ciddi çalışır. Transfer etdiyimiz futbolçulardan razıyıq. Baxmayaraq ki, sonradan qoşulan oyunçulardan bəzilərinin fiziki hazırlıq səviyyəsi bizi tam qane etmir. Bununla belə, onlar öz üzərlərində işləyirlər və artım müşahidə olunur. Komandamız Bakıda da hazırlıq keçəcək. Azarkeşlərimiz rahat olsunlar, komandamız yeni mövsümə var gücü ilə hazırlaşır".
İdarə Heyətinin sədri infrastruktur işlərinə xüsusi önəm verdiklərini də vurğulayıb:
"Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdir. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadır və mülkiyyəti kimə qalacaq. Yəni etdiyimiz hər şey "Turan Tovuz"un daha da gücləndirilməsinə hesablanıb. Bu il də layihələrimizi davam etdiririk. Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi asan başa gəlmir. Əslində biz bu işi ötən ildən planlaşdırırdıq. Lakin turnir cədvəlində yer aldığımız mövqeyə görə bunu edə bilmədik. Azarkeşlərdən uzaq qalmağa cəsarətimiz çatmadı. Ot örtüyünün dəyişdirilməsi böyük maliyyə tələb edir. Əslində bu prosesə yayın əvvəlində başlayıb, yeni futbol mövsümünün başlanğıcına qədər bitirə bilərdik. Sadəcə ot örtüyünün özünün yetişmə sezonu olur. Məhz buna görə, sentyabrın əvvəlində stadiona təbii ot örtüyünün toxumları səpiləcək. Hazırda orada ciddi işlər gedir. Hava şəraitindən asılı olaraq, oktyabr ayında ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmalıdır. Mənə məlumatlar gəlir ki, bəzi azarkeşlər gedən işlərlə tanış olmaq üçün tez-tez stadiona baş çəkirlər. Düşünürəm ki, bu il infrastruktur işlərinin ilkin mərhələsini başa vuracağıq".