Heç kimlə ədavəti, düşmənçiliyi yox idi. Öncə həbs olundu, həbsdən çıxandan sonra isə... Belə də olur, bəzən tanınmış adamlar təsadüfən ölür. O da təsadüfən getdi. Heç kimin gözləmədiyi bir gün bir yoldan keçərkən onu avtomobil vurdu.
Referans.az xəbər verir ki, Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-də Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib.
Böyük qardaşı rejissorluğu qurtarıb, babası axund olub. Bayramın ədəbiyyata, tarixə böyük marağı olub. Ali təhsil almaq istəsə də, bu arzu ona qismət olmayıb.
Müsahibələrinin birində deyir: Qardaşım öləndən sonra həvəsdən düşdüm. Amma bir dəfə Mədəniyyət və İncəsənət Universitetinə 1983-cü ildə sənədlərimi vermişdim. Kino-dram aktyorluğuna 12 nəfərlik yer var idi. Dörd müəllim haradan sual verirdisə, cavab verirdim. Elə suallar olurdu ki, özləri bilmirdi, başqasından cavabı zəng vurub öyrənirdilər. Sonra mənə dedilər ki, 12 nəfərlik yer dolub. Daha sənədlərimi vermədim, meyxana deməyə başladım. Güclü avazım var idi. Cana əziyyətdən sonra səsim qısılmağa başladı.
Yeniyetməlik illərində 8 il futbolla məşğul olub. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. Öz təbirincə desək, televiziyada mikrofon tutub.
Bayram sovet dövründə - yəni meyxanaya avara işi, qanunsuzluq kimi baxılan illərdən meyxana deyib. Hansı ki, o vaxtlar küçədə, toyda, çayxanada meyxana deyən görəndə polis tutub aparırdı. Meyxana ənənəsinin qırılmamasında Bayram Kürdəxanının ciddi əməyi var. Bayram Kürdəxanılı kasıb toylarından pul almırmış. Hətta şəhid ailəsinin toylarından pul almamaqla yanaşı həmin toylara özü pul salırmış.
Orenburqda əsgərlikdə olanda bir yunan qızı ilə tanış olub. Əsgərliyi bitirib gələndən sonra Moskvada gül alveri ilə məşğul olub. Bakıdan Rusiyaya qərənfil aparıb satıb. Həmin ərəfədə tanış olduğu yunan qızını tapıb onunla evlənmək istədiyini deyib. Qızın atası hərbçi olub, qızını Bayrama vermək istəmir, anası isə əksinə deyir ki, qızımız istəyirsə, getsin. Onlar ailə qururlar, bu evlilikdən Bəhram adlı oğulları doğulur. Bir müddət sonra isə Bayramın həyat yoldaşı qəzaya düşərək həlak olur.
Bayram oğluna kiçik toy edib onu müsəlman etdirir. Bir neçə dəfə Bakıya da gətirir. Dəmir yol institutunda oxuyan Bəhram Azərbaycan dilində yaxşı danışa bilir. Atasına deyir ki, universiteti bitirəndən sonra Bakı-Moskva qatarında işləyəcəm ki, Bakıya tez-tez gedib gəlim. Bayram Kürdəxanılı olduqca səxavətli adam kimi yadda qaldı. O, həmkarlarından birinə oğlunun müalicəsi üçün pul verib, həmin şəxs pulu geri qaytaranda almayıb, deyib ki, mən o pulu oğluna vermişəm, böyüyüb özü qaytarar. O eyni zamanda kəndin mağazasında borcu olan hər kəsin pulunu ödəyərək borc dəftərini cırdırıb. Bayram Kürdəxanlı 2014-cü ildə şübhəli şəxs qismində saxlanılır. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilərək 1 il həbs cəzası alır. 2015-ci ildə həbsdən azad edilib.
1984 -ci ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: "Onun ağrıları çox pis olur. Mən narkotik vasitə qəbul eləməmişdim. Arıq adamam, hamı elə bilir ki, narkotik qəbul eləyirəm. Sadəcə, məni şərlədilər, içəri saldılar. Həmin vaxt tək məni tutmamışdılar. Bir neçə nəfər də həbs olunmuşdu. Sadəcə, mən tanınmış adam olduğuma görə mənim adım daha çox hallandı”.
22 avqust 2017-ci il tarixində gecə toydan evə qayıdarkən isə yolu keçərkən onu maşın vurur. Bayram ağır bədən xəsarətləri alır. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmirlər.
Bayramın ölümünə anası da dözmür. Ondan 4 ay sonra anası da rəhmətə gedir. Qardaşı isə həmin günü xatırlayarkən deyir: Həmin gün mən onun toya getməyini istəmirdim. Dedi, söz vermişəm getməliyəm. Heç vaxt belə sağollaşmırdı. Rəhmətə getdiyi gün anamla, uşaqlarla hər kəslə görüşdü, sağollaşdı. Çox narahat oldum, ilk dəfə idi belə edirdi.
Arxamca gəlib dedilər, balaca ayağı əzilib, amma mən başa düşdüm ki, bu təkcə ayaq əzmək deyil. Oğlumla xəstəxanaya gedəndə, reanimasiyada idi. Qucaqlaşdıq, 2 dəqiqə sonra keçindi.... Beləliklə meyxananın dadı duzu bir az da azaldı. Şirin meyxanaları, xırıltılı səsi, min bir təbəssümə köklənən qırışlı üzü anidən yoxa çıxdı.
Daha ətraflı video-materialda: