AZ

Vaşinqton Bəyannaməsi: Cənubi Qafqazda yeni siyasi arxitekturanın başlanğıcı - RƏY

BAKI, 9 avqust. TELEQRAF

“8 avqust Cənubi Qafqazın siyasi tarixində dönüş nöqtəsi kimi yadda qalacaq. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Birgə Bəyannamə Ermənistanla Azərbaycan arasında 35 ildən çoxdur davam edən münaqişənin rəsmənsona çatmasını, bölgədə yeni əməkdaşlıq və sabitlik dövrünün başlanmasını təsdiqlədi”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

Deputat bildirib ki, bu sənəd yalnız iki dövlət arasındakı münasibətlərin normallaşmasından deyil, həm də Cənubi Qafqazın geosiyasi xəritəsində ciddi dəyişikliklərin başladığından xəbər verir:

“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və sənədin imzalanmasına şəxsən şahidlik etməsi Vaşinqtonun regiondakı strateji maraqlarının yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Birgə Bəyannamənin birinci bəndində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin mətni üzərində tam razılığa gəlməsi və saziş mətninin paraflanması tarixi hadisə kimi dəyərləndirilir. Bu, müharibədən sülhə keçidin hüquqi zəminini yaradır və tərəflərin üzərinə ciddi siyasi öhdəlik qoyur. Artıq uzun illər davam edən əsas ziddiyyətlər arxada qalır.

Bununla belə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı üçün tərəflər arasında sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu bəyan edir və tərəflər arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğulayırlar. Bəyannamənin ikinci bəndində ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanması vurğulanır və ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırış edilir. Bu addım çox mühümdür və region üçün olduqca əhəmiyyətlidir. Çünki Minsk Qrupu 30 ilə yaxın davam edən fəaliyyəti dövründə münaqişənin həllində effektiv rol oynaya bilmədi”.

Millət vəkili əlavə edib ki, nəticəsiz danışıqlar və mövcud status-kvonu qorumaqla bu qurum Cənubi Qafqazda sülhün bərqərar olunmasına ciddi töhfə verə bilmədi:“Minsk Qrupunun fəaliyyətində əsas çatışmazlıq münaqişənin həlli istiqamətində real irəliləyişə nail ola və tərəflər arasında mövcud gərginliyi aradan qaldıra bilməməsi idi. Azərbaycan illər boyunca Minsk Qrupunun fəaliyyətsizliyini pisləyərək, daha effektiv və real nəticələr verən vasitəçilik mexanizminin yaradılmasını tələb edib. Vaşinqton Bəyannaməsində Minsk Qrupunun bağlanması regionda yeni güc balansının formalaşmasının rəsmi etirafıdır. Bu, həmçinin Rusiya və Fransanın təsir imkanlarının kəskin azalacağın və Cənubi Qafqazda gələcək qərarların yeni beynəlxalq aktorların iştirakı ilə qəbul olunacağını göstərir.

Bəyannamənin üçüncü bəndində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması və Ermənistanın da bu kommunikasiya xətlərindən istifadə etməsi vurğulanır. Bu həm iqtisadi, həm də siyasi baxımdan bölgədə qarşılıqlı əməkdaşlıq və sabitliyin təməlini qoyacaq. Bəyannamənin dördüncü bəndindəki mühüm təşəbbüs “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan layihədir. Bu layihə ABŞ-nin regiona iqtisadi inteqrasiya baxımından daxil olmasının təsdiqləyir. “Tramp Marşrutu” beynəlxalq ticarət və nəqliyyat xəritəsində Cənubi Qafqazın strateji rolunu artırmaqla yanaşı, Azərbaycanın regionda tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.

Bəyannamənin beşinci bəndindəsərhədlərin toxunulmazlığı, güc tətbiq etmənin yolverilməzliyi və qisas cəhdlərinin rədd olunması prinsipləri yer alır. Bu, gələcəkdə ərazi iddialarının hüquqi əsaslarının aradan qaldırılması və dayanıqlı sülhün təminatı deməkdir. Bəyannamənin altıncı bəndində Vaşinqtondakı Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəliləməsi üçün möhkəm təməlin yaradacağına əminlik ifadə edilir. Vaşinqton görüşünün tərəflər arasında yalnız indiki mərhələ üçün deyil, gələcək onilliklər üçün də strateji baza rolunu oynayacağına inam və etimad təsdiqini tapır.

Bəyannamənin sonuncu – yeddindi bəndində ABŞ-yə bu prosesdə göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilir. Bu, Qərbin regiona qayıdışının, həmçinin Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq səviyyəsinin yüksəlməsinin rəsmi təsdiqidir. Nəticə etibarilə, Vaşinqton Bəyannaməsi Azərbaycanın hərbi və diplomatik qələbəsinin məntiqi nəticəsi olmaqla yanaşı, regionun gələcək siyasi-iqtisadi modelini formalaşdıran əsas sənəddir. Cənubi Qafqaz artıq keçmiş təsir dairələrindən çıxaraq yeni, sülh və əməkdaşlıq üzərində qurulmuş geosiyasi mərhələyə qədəm qoyur. Hər bir azərbaycanlı bu uğurdan qürur duya bilər ki, ölkəmiz təkcə öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionun gələcəyini müəyyən edən geosiyasi mərkəzə çevrilib”.

Seçilən
11
1
teleqraf.com

4Mənbələr