AZ

Sənaye zonaları üzrə son rəqəmlər açıqlanıb

17,2 milyard manatlıq istehsal, 5,5 milyard manatlıq ixrac

Dünya iqtisadiyyatında baş verən böhranlı proseslər və pandemiya dövründə yaranan çətinliklər bir daha sübut etdi ki, sənayenin inkişafı ölkənin iqtisadi və maliyyə risklərindən qorunmasında önəmli rol oynayır. Başqa sözlə, sənayesi inkişaf edən ölkələr böhran vəziyyətindən az ziyanla çıxmaqla yanaşı, qısa müddətdə iqtisadi inkişafı bərpa etmək gücündə də olur.

Ölkəmizdə sənaye zonalarının inkişafına hər cür dəstək verilir. İstər yerli, istərsə də xarici investorlar Azərbaycan hökuməti tərəfindən yaradılan geniş imkan və şəraitdən faydalanaraq həm öz bizneslərini inkişaf etdirir, həm də ölkəmizdə  qeyri-neft sənayesinə sanballı töhfələr verirlər. 

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, indiyə qədər sənaye məhəllələri və parklarında fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1746, o cümlədən bu ilin 6 ayında 144 təsdiqedici sənəd verilib. Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye parklarında tətbiq olunmuş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 520 milyon, cari ilin yanvar-iyun aylarında isə 14 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Verilən dövlət dəstəyi sayəsində 2013-cü ildən indiyə qədər sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,03 milyard manat olan 160 sahibkarlıq subyektinə rezidentlik, 12 sahibkara qeyri-rezidentlik statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,88 milyard manatdan çox investisiya yatırıb və 10 900 daimi iş yeri yaradıblar.

İqtisadi zonalarda istehsal olunan məhsulların ixrac coğrafiyası da  genişlənir. Sənaye zonalarında istehsal edilən polimerlər, karbamid, polad və polietilen borular, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar indiyəcən ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan, İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika daxil olmaqla ümumilikdə 70-dən artıq ölkəyə "Made in Azerbaijan" brendi ilə ixrac edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumatda həmçinin bildirilir ki, 2015-ci ildən cari il iyulun 1-nə qədər sənaye zonalarında 17,2 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 5,53 milyard manatlığı ixrac olunub. Bu ilin birinci yarısında isə istehsal olunan 1,83 milyard manatlıq məhsulun 583,5 milyon manatlığı xarici bazarda satılıb. Həmin dövrdə ötən ilin eyni vaxtı ilə müqayisədə məhsul satışının həcmi 28,7 faiz yüksəlib, ixracın səviyyəsi 22,4 faiz artıb.

Sumqayıt Kimya Sənaye Parkı (SKSP) İqtisadi Zonaların İnkişafı Agentliyində flaqman sayılır. Azərbaycanda yaradılan ilk sənaye parkı olan SKSP qoyulan investisiyanın həcminə və yüksək istehsal səviyyəsinə görə digərlərindən üstündür. İndiyədək qoyulan investisiyanın həcminə görə SKSP Cənubi Qafqazın ən böyük sənaye parkıdır. Burada investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da artıq 28-i fəaliyyət göstərir.

Bu günəcən rezidentlər parka 5,6 milyard manat investisiya yatırıblar və bu hesaba 6300-dən artıq daimi iş yeri yaradılıb. Parkda 14,4 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 5,2 milyard manatlığı ixrac edilib. Parkda təkcə cari ilin birinci yarısında 1,1 milyard manatlıq məhsul satılıb və onun 545 milyon manatı dünya bazarına çıxarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın səviyyəsi 20 faizə yaxın artıb.

Parkda istehsal edilən tikinti kimyəvilərinin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə "Made in Azerbaijan" brendi altında ixrac olunub.

Parkın rezidentlərinə indiyə qədər 912 təsdiqedici sənəd verilib. Bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
67
50
azerbaijan-news.az

10Mənbələr