AZ

XİN Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələrinə dair məlumat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevin avqustun 7-8-də Amerika Birləşmiş Ştatlarına səfərinin nəticələrinə dair məlumat yayıb.

“Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azər­baycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xar­tiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azər­baycan Respublikası Hökuməti və Ameri­ka Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə stra­teji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsə­dilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tran­zit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müda­fiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırı­lır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxı­mından xüsusi əhəmiyyət kəsb edir.

Səfər, həmçinin iki ölkənin prezident­ləri arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayan­dırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan–ABŞ mü­nasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycan Respublikası Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermə­nistan normallaşma prosesi kontekstində mühüm nəticələrlə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin sammiti keçirilib və bu görüşün nəticəsində Azər­baycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respubli­kası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin tə­sis edilməsi haqqında Saziş” layihəsi paraf­lanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azər­baycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edil­məsi haqqında Saziş” layihəsinin paraflan­ması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azər­baycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddiaları­nın aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiy­yət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçı­van Muxtar Respublikası arasında maneə­siz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə, həmçinin Ermənistan əra­zisində xüsusi bağlantı layihəsi – “Bey­nəlxalq Sülh və Rifah naminə Tramp Marş­rutu”nun həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçı­van Muxtar Respublikası arasında maneə­siz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbay­can tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldı­rılması istiqamətində digər vacib addımdır.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin işti­rakı ilə SOCAR və “ExxonMobil” korpo­rasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Res­publikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərlən­dirilməsi istiqamətində potensial əməkdaş­lıq sahələrini ehtiva edir.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-a səfəri çərçivəsində Azərbaycan–ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma pro­sesi çərçivəsində nəticələr tarixi əhəmiy­yətə malikdir”.

Seçilən
26
49
xalqqazeti.az

10Mənbələr