Fransa və Finlandiya prezidentləri, Polşa, Böyük Britaniya və İtaliya baş nazirləri, eləcə də Almaniya kansleri və Avropa Komissiyasının sədri ABŞ prezidenti Donald Tramp və Kreml lideri Vladimir Putinin planlaşdırılan görüşü öncəsi birgə bəyanat veriblər.
Bu barədə Ukrayna mediasında məlumat yayılıb.
Bəyanatda qeyd olunur ki, onlar Trampın Ukraynada müharibəni dayandırmaq və “ədalətli və davamlı sülh” əldə etmək səylərini alqışlayırlar. Ukrayna prezidentinin rəsmi saytında dərc olunan bəyanatda, Avropa İttifaqında bu istiqamətdə uğura yalnız aktiv diplomatiyanın, Ukraynaya dəstəyin və Rusiyaya təzyiqin birləşdirilməsi ilə nail oluna biləcəyinə inam ifadə olunur.
“Biz bu işi həm diplomatik yolla, həm də Ukraynaya göstərilən əhəmiyyətli hərbi və maliyyə yardımımızı qoruyaraq dəstəkləməyə hazırıq. Buna, xüsusən istəklilər koalisiyası çərçivəsində görülən işlər, eləcə də Rusiya Federasiyasına qarşı tətbiq edilən və davam etdirilən məhdudlaşdırıcı tədbirlər daxildir”, – deyə bəyanatda bildirilir.