AZ

Sülh yolundakı mühüm qərar - Paraflanma nə deməkdir?

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması tarixi hadisədir. Məlumdur ki, tərəflər hələ mart ayında sənədin mətninin tam razılaşdırıldığını bəyan ediblər. Sənədin paraflanması isə regionumuzda sülhün təmin olunması üçün irəliyə doğru çox vacib addımdır.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, hər hansı müqavilənin paraflanması diplomatiya və beynəlxalq hüquqda tərəflər arasında razılaşdırılmış sənədin imzalanmasından əvvəl müvəqqəti təsdiqlənməsi prosesidir. Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”i Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihəsini paraflayıblar.

İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını bir daha təsdiq edir. Paraflanma sülh sazişinin hüquqi qüvvəyə minməsi demək deyil. Bununla belə, paraflanma prosesi də sülh yolunda çox vacib mərhələdir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq hesab olunur.

Millət vəkilinin sözlərinə görə, paraflanma mərhələsi beynəlxalq hüquq praktikasında geniş istifadə olunan bir prosedurdur və tərəflərin diplomatik iradəsini göstərən mühüm addımlardan biri sayılır. Bu proses, əslində, gələcəkdə imzalanacaq sənəd üzərində dəyişiklik edilməyəcəyini ifadə edir. Dünyada bununla bağlı bir sıra nümunələr də var.

Seçilən
9
50
publika.az

10Mənbələr