AZ

Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir



Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti ilə ABŞ-a işgüzar səfər edib. Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli olan səfər çərçivəsində Azərbaycan-ABŞ arasında tarixi əhəmiyyətə malik razılaşmalar əldə edilib. Yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıyan bu səfər digər sahələrlə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi kontekstində əhəmiyyətli nəticələrlə əlamətdar olub.

Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur.

Səfər həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Eyni zamanda səfər çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Ağ Evdə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bu gün Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərdə yeni tarix yazıldığını, iki ölkənin strateji tərəfdaşlıq yoluna qədəm qoyduğunu və bunun Azərbaycan üçün tarixi nailiyyət olduğunu vurğulayıb.

Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin nəticələrini çox yüksək qiymətləndirərək Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulmasının çox önəmli məsələ olduğunu bildirib və Prezident Trampla görüşünün çox səmimi şəkildə və dostluq şəraitində keçdiyini diqqətə çatdırıb.

Azərbaycan media təmsilçilərinə verdiyi müsahibədə uzun illərdir Azərbaycanın ABŞ mediasında demonlaşdırıldığını diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycan haqqında yayılan bütün şayiələr və yalan məlumatların ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli göründüyünü vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Əksinə, Azərbaycan bu gün multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar.”

Bəli, anti-Azərbaycan narrativləri, ilk növbədə Bayden administrasiyası və onların əlində olan siyasi infrastruktur – media, QHT-lər, USAID və Menendez kimi korrupsiyaya görə bu gün həbsdə olan bəzi rüşvətçi siyasətçilər tərəfindən illərlə yayılmış anti-Azərbaycan narrativləri tamamilə iflasa uğradı. Azərbaycan lideri ABŞ-dən sülh mesajları verdi, Cənubi Qafqazda davamlı sülh və sabitliyə çağırışlar etdi. Heç şübhəsiz Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiyasının növbəti tarixi uğuru olmaqla yanaşı, həm də dövlətimizin başçısının siyasi iradəsinin təntənəsi oldu.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Seçilən
112
3
aia.az

10Mənbələr