Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş dünya mətbuatının manşet mövzusuna çevrilib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Ermənistan konstitusiyasının dəyişəcəyinə dair rəsmi İrəvanın üzərinə öhdəlik götürməsi, Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması, ATƏT-in Minsk Qrupunun ləğvi, Zəngəzur dəhlizinin açılmasına dair razılaşma, habelə Azərbaycan və ABŞ arasında strateji əməkdaşlığa dair Anlaşma Memorandumu qlobal məkanda geniş müzakirələrə səbəb olub.
44 günlük vətən müharibəsində tarixi Zəfərin əldə edilməsi, antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa olunması, rus qoşunlarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması və ardınca Cənubi Qafqazı sülhə yaxınlaşdıran sazişin parafalanmasi və nəqliyyat-kommunikasiya qovşağının açılması barədə razılaşma Prezident İlham Əliyevin şəxsinə olan beynəlxalq marağı daha da artırıb. Cəmi beş il ərzində ardıcıl strateji uğurların əldə olunması Cənubi Qafqazın lideri olaraq İlham Əliyevin dünya çapında aparıcı liderlər sırasında qərar tutmasını şərtləndirib.
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə olan rəğbətini açıq şəkildə ifadə etməsinin ardınca aparıcı beynəlxalq təşkilatların rəhbərləri də Vaşinqtonda imzalanan razılaşmaları təqdir edən bəyanatlarla çıxış ediblər. Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın, Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın, Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun, Avropa Şurasının Baş katibi Alain Bersetin, Avropa Şurası Parlament Assambleyasının prezidenti Theodoros Rousopoulosun, Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Omuralievin, eyni zamanda NATO və ATƏT-in adından yayılan bəyanatlar bu qəbildəndir.
Azərbaycan tarix yazır və bu, təkcə Cənubi Qafqaz regionunun deyil, Avrasiya bölgəsinin də maraqlarına xidmət edir. Nəhayət uzun illər sonra Azərbaycan və Ermənistan sülhə çatır ki, bu da öz növbəsində nəqliyyat marşrutları vasitəsilə müxtəlif ölkələr arasında kommunikasiyanı daha əlçatan edir. Uzaqgörən və rasional siyasəti, nəhəng diplomatiyası ilə İlham Əliyev təkcə Cənubi Qafqazın və regionun deyi, beynəlxalq aktor qismində dünyanın həlledici liderlərindən biri statusunu ləyaqətlə qoruyur!
/Azər Niftiyev