Mərkəzi Hind Okeanında yerləşən Çaqos arxipelaqının icarəsi Böyük Britaniyaya demək olar, 35 milyard funt sterlinqə (46,7 milyard dollar) başa gələcək ki, bu da Britaniyanın Baş naziri Kir Starmerin vəd etdiyindən 10 dəfə çoxdur.
“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
May ayında parlamentdə arxipelaqın onun suverenliyinə verilməsi ilə bağlı Mavriki ilə müqavilənin imzalandığını elan edən, sənədin Dieqo Qarsiya adasındakı Britaniya-Amerika hərbi bazasının qorunub saxlanmasını nəzərdə tutduğunu vurğulayan Starmer, növbəti 99 il ərzində inflyasiya nəzərə alınmaqla icarə haqqının ümumi dəyərinin 34 milyard funt sterlinq olacağını vəd verib.
Lakin məqalədə deyilir ki, nominal ifadədə, yəni cari qiymətlərlə və qiymət artımları nəzərə alınmadan Londonun xərcləri 34,7 milyard funt sterlinq təşkil edəcək. Nəşr qeyd edib ki, belə xərclər Starmerə onun parlamenti çaşdırıb-çaşdırmaması ilə bağlı suallar yarada bilər.
Hökumət başçısının o vaxt dediyi kimi, bu, təyyarədaşıyan gəmiyə xidmətin illik xərci ilə müqayisə oluna bilər. “Daily Telegraph” qeyd edib ki, reallıqda bu pula Britaniya donanmasının flaqmanı “HMS Queen Elizabeth” kimi 10 yeni təyyarədaşıyıcı tikilə bilər.
Çaqos Mavrikinin qalan hissəsi ilə birlikdə Britaniya koloniyası idi, lakin 1965-ci ildə London arxipelaqı ayrıca inzibati vahid edib. Üç il sonra respublika müstəqillik əldə edib, lakin Çaqos Krallığın ixtiyarında qalıb. 1966-cı ildə ABŞ Dieqo Qarsiya adasını icarəyə götürüb və onun üzərində öz aviabazasını tikib. Arxipelaqın 1 500 sakininin hamısı deportasiya edilib.