AZ

Azərbaycan-ABŞ münasibətlərində yeni dövr: Vaşinqton səfərinin tarixi nəticələri

"Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcıdır".

Bunu Demokrat.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.

O, bildirib ki, Ağ Evdə keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması prosesinin başlanmasını göstərir:

"Bu mərhələ siyasi əlaqələrlə yanaşı, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, müdafiə sənayesi, süni intellekt və terrorçuluğa qarşı mübarizə sahələrini əhatə edəcək. Strateji İşçi Qrupunun yaradılması münasibətlərin institutlaşmasına və yol xəritəsinin hazırlanmasına şərait yaradır".

Deputat qeyd edib ki, səfərin ən önəmli nəticələrindən biri 1992-ci ildə ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəlişin icrasının dayandırılmasıdır:

"Bu qərar ABŞ yardımını məhdudlaşdıraraq uzun illər Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərmişdi.
907-ci düzəlişin ləğvi hüquqi məhdudiyyətlərin aradan qalxması ilə yanaşı, ABŞ-ın Azərbaycana qarşı yanlış təsəvvürlərdən imtinasını və Azərbaycanı regionda sabitliyin açar ölkəsi kimi qəbul etdiyini təsdiqləyir".

Onun sözlərinə görə, Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları sənəd Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra sülh dövrünün başlanmasını simvolizə edir:

"Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsinin Ermənistanın suverenliyi çərçivəsində təmin olunması, həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi öhdəlikləri yer alıb".

O, bildirib ki, bu bəyannamə siyasi sabitlik və regional iqtisadi inteqrasiya üçün yeni imkanlar açır:

"“Tramp Marşrutu” layihəsi Azərbaycan, Ermənistan və region ölkələri arasında nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasını nəzərdə tutur.
Bu marşrut Ermənistanı tranzit ölkəyə çevirərək iqtisadiyyata canlanma gətirəcək, Azərbaycanın tranzit imkanları isə genişlənəcək".

Ekspert deyir ki, Vaşinqton görüşləri anti-Azərbaycan narrativlərini iflasa uğradıb, Azərbaycanın tolerantlıq modeli dünya ictimaiyyətinə çatdırılıb:

"Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan diplomatiyasında tarixi uğur və strateji dönüşdür. Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığa yüksəlib, 907-ci düzəliş ləğv olunub, Azərbaycan-Ermənistan sülh sazişi paraflanıb, regionda davamlı sülhün təməli qoyulub və regional iqtisadi əməkdaşlıq inkişaf edib.
Bu görüşlər Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında mühüm rol oynayır, Azərbaycanın siyasi, diplomatik və iqtisadi mövqelərini gücləndirir".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
19
50
demokrat.az

10Mənbələr