AZ

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 8A ünvanında yerləşən Əliyev Pərviz İlqar oğluna məxsus avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki;

- normativ sənədlərin tələblərinə zidd olaraq yüksəkmərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsində avtomobil təmiri sexi fəaliyyət göstərir;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyektdə polietilen materialdan ibarət arakəsmə quraşdırılaraq ətrafına tezalışan əşyalar yığılıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyekt odsöndürən balonlarla təmin olunmayıb;

- obyektin layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib;

- obyektdə yanğın təhlükəsizliyinin təmin olunması üçün təlimat hazırlanmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 8A ünvanında yerləşən Əliyev Pərviz İlqar oğluna məxsus avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

"Cebheinfo.az"

Seçilən
39
24
cebheinfo.az

10Mənbələr