AZ

ABŞ səfəri diplomatiyamızın parlaq siyasi triumfu kimi tarixə düşdü Vitse spiker

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında Vaşinqtonda tarixi görüş baş tutub. Görüş zamanı tərəflər arasında sülh sazişinin mətni paraflanıb, Birgə bəyannamədə isə Zəngəzur dəhlizinin açılması razılaşdırılıb və Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı razılıq əldə olunub.

Görüşlə bağlı Modern.az-a danışan Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvəti ilə ötən həftə Vaşinqtona etdiyi işgüzar səfər bütün siyasi çevrələrdə çox düzgün olaraq respublikamızın diplomatiya tarixinin ən mühüm hadisələrindən biri kimi nəzərdən keçirilir:

“Azərbaycanı bir daha dünyaya yaxından tanıdan, onun beynəlxalq nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən,  Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesini hüquqi baxımdan gücləndirən bu səfər diplomatiyamızın parlaq siyasi triumfu kimi tarixə düşdü. Öncə onu qeyd edim ki, Prezident İlham Əliyevin səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoydu. Məlum olduğu kimi Cozef  Baydenin ABŞ-a rəhbərlik etdiyi dövr istisna olmaqla, Bakı ilə Vaşinqton arasında münasibətlər normal axarda davam edib. İki dövlət enerji sferasında, beynəlxalq terrorçuluğa qarşı mübarizədə və digər sahələrdə fəal və səmərəli əməkdaşlıq həyata keçiriblər. Donald Trampın ABŞ-a birinci rəhbərliyi dövründə – 2020-ci ildə Azərbaycan ərazilərini döyüş yolu işğaldan azad edib və o zaman Ağ Ev bununla bağlı ümumən neytral mövqe nümayiş etdirib.

Lakin Baydenin rəhbərliyi dövründə Azərbaycan-ABŞ münasibətlərində dərin siyasi böhran yaranmışdı. Xüsusən antiterror əməliyyatlarından sonra Bayden-Blinken administrasiyası Azərbaycanın yaratdığı reallıqlara qarşı çıxır, respublikamızı Ermənistana hərbi təcavüz cəhdində ittiham edirdi. Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı şayiələri yayan siyasi ünvanlardan biri məhz Bayden-Blinken administrasiyası idi. Vaşinqtonda Azərbaycan media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev bu barədə söz açaraq deyib: "Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən burada – Vaşinqtonda".

Bayden administrasiyasının dövründə Azərbaycandan rəsmi nümayəndə heyətlərinin ABŞ-yə səfərlərinə məhdudiyyət tətbiq edilmişdi. Hətta ABŞ-də müxtəlif səviyyələrdə Azərbaycana qarşı sanksiyaların da tətbiq olunması barədə təşəbbüslər səslənirdi. Bunların hamısı Azərbaycanı öz haqq yolundan döndərmək niyyəti daşıyırdı. Belə hallarla biz müstəqillik tariximizdə çox rastlaşmışıq. Lakin tarixi reallıqlar həm də ondan xəbər verir  ki, Azərbaycanı öz yolundan döndərmək mümkün deyil. Bu baxımdan qürurla qeyd etməliyik ki, Bayden administrasiyasının anti-Azərbaycan fəaliyyətinin qarşısında rəsmi Bakı heç vaxt geri çəkilmədi və qətiyyətli siyasət yürüdərək milli maraq və mənafelərini layiqincə təmin etdi.

Artıq ABŞ rəhbərliyi dəyişib və ölkənin yeni administrasiyasının fəaliyyətinin fonunda özünü qabarıq göstərən həm də Ağ Evin dəyişən siyasətidir. Başqa cür desək, yeni administrasiya ABŞ milli maraqlarını dünyada ciddi şəkildə zədələyən yanlış siyasətdən imtina edib. Bu ilin əvvəlində USAİD-in bağlanması da təsdiqləyir ki, Tramp administrasiyası bu cür fəaliyyət mexanizmlərini qəbul etmir.

Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Bakı ilə Vaşinqton arasında Bayden administrasiyasının Azərbaycana qarşı qərəzli münasibəti səbəbindən donmuş vəziyyətə düşən siyasi əlaqələr də yenidən canlanmağa başladı. Xatırladım ki, ABŞ-da  keçirilən son prezident seçkilərindən hələ 3 ay öncə Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-dəki seçkilərlə bağlı jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə ifadə etsək, onun namizədliyini dəstəkləmişdi. Eyni zamanda Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında Trampın prezidentliyi dövründə ABŞ-nin heç bir müharibə başlatmadığını, o cümlədən ABŞ liderinin ailə institutuna, ənənəvi dəyərlərə böyük önəm verdiyini qeyd etmişdi. Prezident İlham Əliyevin bu ilin iyulunda Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Donald Tramp barəsində səsləndirdiyi fikirləri isə ABŞ lideri özünün rəsmi sosial hesabında paylaşmışdı. Bütün bunlar söyləməyə əsas verirdi ki, Azərbaycan-ABŞ münasibətlərində tezliklə yeni inkişaf mərhələsi başlayacaq. 

Prezident İlham Əliyevin Trampın dəvəti ilə ABŞ-yə avqustun 7-8-də etdiyi səfər deyilənlərin əyani təsdiqi oldu. Səfər zamanı imzalanan sənədlər qeyd etdiyim kimi Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni keyfiyyət mərhələsinin başlanmasını nümayiş etdirir”.

Vitse-spikeri vurğulayıb ki, bu sırada iki ölkənin prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nu xüsusi qeyd etmək lazımdır:

“Azərbaycanla ABŞ arasında qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət Anlaşma Memorandumuna əsasən, Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatla çıxışında Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın artıq başladığını bildirərək deyib: "Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur".

Səfər çərçivəsində Azərbaycan Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” da imzalanıb. Bu sənəd Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək və Prezident İlham Əliyevin bildirdiyi kimi əhəmiyyətli bir layihə ilə nəticələnəcək.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması oldu. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıdı, ABŞ-nin Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünə çevrildi.

Xatırladım ki, 1992-ci ilin oktyabrında erməni lobbi qruplarının təsiri altında olan konqresmenlərin təşəbbüsü ilə Azadlığa Dəstək Aktına 907-ci düzəlişin edilməsi ölkəmizi ABŞ-nin birbaşa dəstəyindən məhrum etmiş və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ-nin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə və Azərbaycan bu dəstəyi verdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə ABŞ tərəfindən 907-ci düzəlişin yenidən tətbiq olunması Bayden-Blinken cütlüyünün Azərbaycana olan qərəzli münasibətin göstəricisi idi.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə elə bir bir inkişaf mərhələsinə yüksəlib ki, həm də donor ölkəyə çevrilib. Ona görə Azərbaycanın hansısa xarici dəstəyə və yardıma ehtiyacı yoxdur. Bununla belə Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Tramp tərəfindən Azərbaycan edilən siyasi jest oldu”.

Z.Əsgərov vurğulayıb ki, bütövlükdə, Prezident İlham Əliyevin Vaşinqtona səfərinin yekunları Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni dövrə qədəm qoymasına xidmət edən nüanslarla zəngin oldu. Ona görə bu səfərin nəticələri həm də Azərbaycanın xarici siyasətin mühüm uğurlarıdır:

“ Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində səfərin hər bir uğurunu tarixi hadisə adlandıraraq deyib: "Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək".

Səfərlə bağlı bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan və ABŞ prezidentlərinin Ağ Evdəki görüşünün səmimi və dostluq ovqatında keçməsi, Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək münasibət, dövlətimizin başçısına hədiyyənin və Ağ Evin rəmzi açarının təqdim olunması Donald Trampın cənab İlham Əliyevə olan böyük ehtiramının və Azərbaycana verdiyi önəmin göstəricisinə çevrildi. Etiraf edək ki, heç də bütün dövlət və hökumət başçıları Ağ Evdə belə səviyyədə qarşılanmır. Və ya ABŞ rəhbərliyi heç də hamıya bu cür səmimi münasibət göstərmir. Prezident Donald Tramp özü də qeyd etdi ki, Ağ Evin rəmzi açarını nadir hallarda təqdim edir.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-ABŞ münasibətlərində irəliyə doğru mühüm addımların atılması ilə yanaşı, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesi və sülh sazişinin imzalanması kontekstində indiyədək əldə olunmuş bütün nəticələrin fövqündə, zirvəsində dayanan tarixi razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu. Ona görə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqtonda Trampın iştirakı ilə keçirdikləri görüş Zirvə görüşü də adlandırılır. Bu görüş zamanı Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması iki dövlət arasında sülhün təmin edilməsi istiqamətində indiyə qədər atılmış ən mühüm addımdır. Saziş layihəsini paraflamaqla Ermənistan onun mətni ilə razı olduğunu ABŞ-nin iştirakı ilə hüquqi çərçivədə təsdiq etdi.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına dair təklif və təşəbbüs ilk olaraq rəsmi Bakı tərəfindən irəli sürülüb. Hazırda razılaşdırılmış saziş layihəsinin mətni də Azərbaycanda yazılıb. O da məlumdur ki, 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan hakimiyyəti Azərbaycanın təşəbbüslərinə adekvat cavab verməkdən yayınır, o cümlədən hərbi təxribatlarla bu prosesə qarşı çıxmağa çalışırdı. Bu məsələdə Fransanın, ABŞ-nin əvvəlki rəhbərliyinin antiazərbaycançı mövqeyi və regionda yaranmış reallıqları qəbul etməmələri, habelə Ermənistandakı revanşizmə, Qarabağdakı separatizmə dəstək vermələri də xüsusi rol oynayırdı. Lakin 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistanın artıq reallıqlarla barışmaqdan başqa yolu qalmadı və bir neçə ay əvvəl rəsmi İrəvan sülh sazişinin bütün maddələri ilə razı olduğunu bəyan etdi. Sülh sazişinin paraflanması ilə həm də Qərbdə Azərbaycanı Ermənistana hücum etməkdə ittiham edənlərin, ölkəmihə iftira atanların bütün bu əsassız və qərəzli arqumentləri əllərindən alındı.

Sülh sazişinin imzalanmasına gedən yolda Vaşinqtonda əldə olunan daha bir hüquqi razılaşma Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanmasdır. Minsk qrupunun ləğvi Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində Ermənistan qarşısında qoyduğu iki əsas şərtdən biridir.  ABŞ-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən birgə müraciətin imzalanması ilə rəsmi İrəvan bu şərtlərdən birini yerinə yetirmiş oldu.

Minsk qrupu Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra öz fəaliyyətini faktiki olaraq dayandırmışdı. Bu strukturun ATƏT tərəfindən ləğvindən sonra isə Ermənistanda və ondan kənardakı revanşistlərin, erməni lobbisinin və bütövlükdə antiazərbaycançı dairələrin yapışacaqları hansısa hüquqi istinad yeri olmayacaq.

Bundan sonra yekun sülh sazişinin imzalanması üçün Ermənistanın yerinə yetirməli olduğu yalnız bir şərt qalır. Bu da Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılmasıdır. Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bildirdiyi kimi bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər: "Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”.

Parlamentari qeyd edib ki, Vaşinqton görüşünün nəticələrinə dair imzalanan Birgə Bəyannamə bütün müddəaları ilə tam şəkildə Azərbaycanın milli maraq və mənafelərini ifadə edir:

“Sənəddə yer alan bütün fikirlər Azərbaycanın sülh prosesi ilə bağlı irəli sürdüyü prinsiplərə tam uyğundur. Birgə Bəyannamədə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bunlardan başqa sənədə əsasən tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirlər.

Bəyannamədə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması ilə bağlı müddəanın yer alması da respublikamızın milli maraqlar müstəvisində qarşıya qoyduğu prinsipial hədəfinə çatması deməkdir. Sənəddə təsbit olunan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. “Tramp yolu” adlanmasına baxmayaraq, söhbətin Zəngəzur dəhlizindən getdiyi aydındır. Beləliklə, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qarşıya qoyduğu daha bir milli məqsəd həyata vəsiqə almaq üzrədir.

Ötən 5 ilə yaxın dövr dövlətçiliyimizi və müstəqilliyimizi xüsusilə şərəfləndirən çoxsaylı hadisələrlə zəngindir.  Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad olunması, Qarabağda erməni separatçılığına son qoyulması, bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin edilməsi tariximizin qürur doğuran səhifələridir. İkinci Dünya Müharibəsinin başa çatmasından ötən dövrdə Azərbaycan istisna olmaqla, hansısa dövlətin birmənalı qalib olduğu savaş yoxdur.

Vaşinqtonda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı atılan nəticəyönümlü addımlar, sülh sazişinin paraflanması, Birgə Bəyannamənin imzalanması və dünyanın ən qüdrətli dövlətinin bu prosesə həm dəstək verməsi, həm də şahidlik etməsi Prezident İlham Əliyevin respublikamıza qazandırdığı növbəti tarixi və diplomatik nailiyyətdir. Göründüyü kimi, tarixi ədaləti güc yolu ilə bərpa edən Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasəti ilə diplomatik müstəvidə də respublikamıza qələbələr qazandırır, Vətən müharibəsində yaratdığı reallıqların qlobal səviyyədə tanınmasına nail olur, regionda sülhü bərqərar edir. "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" deyən cənab Prezident İlham Əliyev özünün siyasi erudisiyası ilə Azərbaycanı milli hədəflərinə layiqincə çatdırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
50
modern.az

10Mənbələr