AZ

Ödənişli yolda yenilik:Balansı mobil tətbiq vasitəsilə artırmaq mümkün olacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə daha bir yenilik tətbiq olunacaq. Yeni layihənin icrası sürücülərə yoldan istifadə zamanı nağd ödəniş etmək imkanı yaradacaq.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov AZƏRTAC-a bildirib ki, hazırda avtomobil yolundan sürətli keçid kartları vasitəsilə (TEQ) və məntəqədə nağdsız ödəniş etməklə istifadə etmək mümkündür.

"Ödənişli avtomobil yolunda istifadəçilər üçün yaxın gələcəkdə daha bir yeniliyin tətbiqi nəzərdə tutulub. Bildiyiniz kimi, əvvəllər yoldan yalnız nağdsız ödəniş etməklə istifadə etmək mümkün idi. 2024-cü ilin sonlarından başlayaraq sürətli keçid kartı da tətbiq olundu. TEQ əldə edən sürücülərin əlavə vaxt itirmədən yola xüsusi zolaqlardan giriş imkanı var. Tətbiq olunacaq yeni layihə istifadəçilərin ödəniş imkanlarını artıracaq. Layihəyə əsasən, keçid zolaqlarında yeni terminallar quraşdırılacaq. Vətəndaş yola giriş zamanı avtomobildən düşmədən zolaqda quraşdırılmış terminala yaxınlaşaraq xüsusi kart əldə edəcək. Çıxış nöqtəsində isə həmin kartı yenidən terminala daxil etdikdə ödənişin məbləği görünəcək. Bundan sonra istifadəçiyə həm nağd, həm də nağdsız ödəniş etmək üçün seçim imkanı veriləcək. Nağd ödənişi seçən sürücü vəsaiti birbaşa terminala daxil etməklə yoldan istifadə haqqını ödəyə biləcək. Yeni layihə ilə bağlı AAYDA-nın rəhbərliyi ödənişli yolun başlanğıc nöqtəsi - Yaşma keçid məntəqəsində olub, layihənin qısa müddətdə icra edilərək fəaliyyətə başlaması ilə bağlı tapşırıq verilib", - deyə Mirqiyas Kazımov söyləyib.

Ödənişli yoldan sürətli keçid kartları (TEQ) vasitəsilə istifadə edənlər üçün də yenilik var. Bundan sonra kartların balansını "BirBank" mobil bank tətbiqi vasitəsilə də artırmaq olacaq.

"Sürətli keçid kartının balansını satış məntəqəsində və ya onlayn şəkildə www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olmaqla artırmaq olar. Yaxın gələcəkdə isə "BirBank" bank tətbiqi vasitəsilə də TEQ balansını artırmaq olacaq. Vətəndaş tətbiqdə müvafiq ödəniş bölməsini seçərək, şəxsiyyət vəsiqəsinin FİN kodunu və avtomobilinin nömrəsini əlavə etməklə TEQ balansına vəsait köçürə biləcək", - deyə Mirqiyas Kazımov bildirib.

Sürətli keçid kartını almaq üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir. Kartın qiyməti 5.90 (ƏDV daxil) manatdır. Sürücülər kartları Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələrindən əldə edə bilərlər. Bundan başqa, Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı, Sumqayıt şəhəri 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən də sürətli keçid kartlarını almaq mümkündür. Kartları əldə etmək üçün cəmi bir neçə dəqiqə vaxt sərf olunur.

Sürətli keçid kartının istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə, yaxud da aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Bundan başqa, istifadəçilər onları maraqlandıran məsələlərlə bağlı *1009 nömrəli "Qaynar xətt"ə zəng etməklə və ya "WhatsApp"da (+994) 50 286-42-29 nömrəsinə yazılı, səsli mesaj göndərərək müraciət edə bilərlər. Həmçinin www.odenisliyol.az rəsmi internet səhifəsi üzərindən və ya [email protected] imeyl ünvanına elektron məktubla müraciət etmək də mümkündür.

Seçilən
29
13
avtosfer.az

10Mənbələr