AZ

Zəngəzur məsələsi ilə bağlı Tehranda GƏRGİNLİK: ABŞ-da imzalanan saziş İranda TƏŞVİŞ YARATDI

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq. O bildirib ki, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq və Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub. Trampın “başqa ölkədə dəhliz icarəyə götürmək” ideyasını “sadəlövhlük” adlandıran Vilayəti bunu Panama kanalının icarəyə götürülməsinə bənzədib.

Bəs, bu iddiaların arxasında hansı siyasi motivlər və real faktlar dayanır?

Məsələni News24.az-a şərh edən deputat Zahid Oruc bildirib ki, İranın Zəngəzur dəhlizinə yönəlik mövqeyi təəssüf ki, Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi qələbənin bəzi nəticələrini öz maraqları baxımından zərərli hesab etməsindən irəli gəlir:

"Ermənistan ilə İran arasında son 30 il ərzində qurulan münasibətlər işğal altında olan ərazilərin möhkəmləndirilməsi istiqamətində formalaşıb və bu, regiondakı mövcud status-kvonun qorunmasına xidmət edib.Türkiyənin 30 illik dövrdə tətbiq etdiyi sərhədlərin bağlanması əgər İran tərəfindən də reallaşsaydı, Ermənistan özünü daha ağır izolyasiyada görərdi. Bu halda Ermənistanın kənar aləmlə iqtisadi-ticarət və digər əlaqələri məhdudlaşar, beləliklə, sülh prosesinə daha tez nail olmaq mümkün olardı. Bu vəziyyət həm də Azərbaycan xalqının yaşadığı məhrumiyyətlərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarardı və İranın regiondakı mövqeyinə də müsbət təsir göstərərdi".

Zahid Oruc vurğulayıb ki, əgər həqiqətən vahid mədəniyyət və ortaq köklərə sahib bir xalqdan danışırıqsa, İranın həyata keçirdiyi siyasət Qarabağ münaqişəsinin tez bir zamanda sona çatması, Azərbaycan xalqının azad edilmiş torpaqlarda sabit həyat qurması və regionda təhlükəsizliyin bərqərar olması istiqamətində olmalı idi:

"İranın Zəngəzur dəhlizinə münasibəti təkcə geosiyasi maraqlarla bağlı deyil, həm də ölkənin regionda öz təsirini saxlamaq istəyindən irəli gəlir. Onun sözlərinə görə, İranda bəzi dairələr Cənubi Qafqazda yeni reallıqların formalaşmasını və Azərbaycanla Türkiyənin nəqliyyat-kommunikasiya xətlərində artan əməkdaşlığını qəbul etməkdə çətinlik çəkir".

Aqil Qarayev
News24.az

Seçilən
113
50
news24.az

10Mənbələr