AZ

Trampın Paşinyana "Ağ Ev açarını hədiyyə etməməsi" səbəbsiz deyil...


Aydın Mirzəzadə: “Azərbaycan ilə dostluq, bərabər tərəfdaş münasibətlərinin qurulması Amerikanınmaraqlarına xidmət edir, bu səbəbdən də Ağ Evin açarını təqdim etdi”

Ötən həftə ABŞ Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi öz otağında qəbul edərkən ona xüsusi hədiyyə təqdim edib. Həmin hədiyyə Trampın özünün şəxsən hazırlatdığı açardır.

Qeyd edək ki, bu açarı dəyərli edən onun qızıldan hazırlanmasından çox, Ağ Evin giriş qapısını açmasıdır. Məlumat üçün bildirək ki, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya, amerikalı milyarder İlon Maska da həmin hədiyyəni təqdim edib.

Tramp bildirib ki, hər təqdimatda bu hədiyyə hər kəsə yox, yanlız məxsusi qonaqlara verilir: “Bu, Ağ Evin, həm də ölkəmiz və qəlbimizin açardır. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.

Tramp məlum hədiyyəni Paşinyana deyil, Azərbaycan prezidentinə verməklə nə demək istəyib, dünyaya nə kimi mesajlar ötürüb?

“Trampın İlham Əliyevi qarşılaması, səmimi söhbətlər, ayaq üstə müəyyən məsləhətləşmələr çox detallardan xəbər verir”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Amerika dünyanın ən güclü dövlətidir: “Amerika dünyanın müxtəlif regionlarında özünə müttəfiq və birgə əməkdaşlıq üçün tərəfdaş axtarır. Azərbaycan isə Amerikanın bu istəklərinə, demək olar ki, cavab verir. Məlum məsələdir ki, Azərbaycan keçmiş Sovet Respublikasıdır, təbii sərvətlərlə zəngindir, islam dünyasının bir hissəsidir. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, ölkəmizdə demokratik inkişaf üçün bütün şərait var. Azərbaycanın problemini başqası deyil, özü həll edir. Bütün dünya bilir ki, Azərbaycan işğal altında olan torpaqları özü həll edib geri aldı. Bu səbəbdən də ölkəmiz dünyada böyük nüfuza malikdir. Belə bir ölkə ilə dostluq, bərabər tərəfdaş münasibətlərinin qurulması Amerikanın da maraqlarına xidmət edir. Bu səbəbdən də Tramp Ağ Evin açarını təsadüfən İlham Əliyevə təqdim etməyib. Amerika hökumətinin Azərbaycan liderinə qoyduğu hörməti bütün dünya gördü. Trampın İlham Əliyevi xüsusi qarşılaması, səmimi söhbətləri, ayaq üstə müəyyən məsləhətləşmələr çox detallardan xəbər verir”.

Millət vəkili onu da əlavə etdi ki, səfər zamanı təkcə Zəngəzur dəhlizi, Azərbaycan-Ermənistan məsələləri ilə bağlı qərarlar qəbul edilmədi: “ABŞ-Azərbaycan strateji əməkdaşlıq haqqında sazişin imzalanması üçün işçi qrup yaradıldı. Amerika hökuməti Azərbaycanı strateji tərəfdaş gördüyünü dünyaya elan etdi. Məlumat üçün deyim ki, ABŞ -ın “ExxonMobil” şirkəti ilə SOCAR arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı, hərbi əməkdaşlıq bərpa edildi. Hesab edirəm ki, Azərbaycan-Amerika münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək. Donald Trampın öz şəxsi sosial şəbəkə səhifəsində İlham Əliyev haqqında paylaşım etməsi müasir Amerikanın Azərbaycana olan münasibətini göstərir. Bundan sonra biz Azərbaycan-Amerika münasibətlərində hələ çox müsbət xəbərlərin şahidi olacağıq”.

Günel CƏLİLOVA

Seçilən
114
10
baki-xeber.com

10Mənbələr