AZ

Düzgün ixtisas seçməyən gənc sabah işsiz qalacaq TƏHSİL EKSPERTİ

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kamran Əsədov: “Təhsil sistemi bazarın arxasınca yox, qarşısında getməlidir”

Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 19-dək davam edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Milli Konservatoriyasında ödənişsiz əsaslarla xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilər. 

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək. Bölgələrdə Rayon Təhsil Sektorlarında və bəzi məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı da təqdim olunur. Qeyd edilir ki, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” 11 avqustdan etibarən aktivdir. 

Abituriyentlərə müraciət edən DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçiminin düzgün aparılmasının vacib olduğunu deyib və bəzi məsləhətlər də verib. M.Abbaszadə bildirib ki, bu il 60914 plan yeri təqdim olunub. Dövlət sifarişli yerlərin sayı isə 28631-dir. "Beləliklə, bu il qəbul olanların demək olar ki, yarısından bir az az şəxslər dövlət sifarişi ilə oxuyacaqlar. Onların dövlət sifarişi ilə təhsil alması üçün bütün şəraitlər yaradılıb. Məsələ bundadır ki, hər qrup üzrə dövlət sifarişli yerlərin sayı və müsabiqə vəziyyəti müxtəlifdir",- deyə DİM sədri əlavə edib. Abituriyentlərə videomüraciətində M.Abbaszadə təəssüflə qeyd edib ki, hər il yerləşdirmədən 2-3 saat əvvəl sistem yoxlanıldıqda 2-3 min ərizənin doldurulduğu, amma təsdiqlənmədiyi üzə çıxır. Bu isə çox üzücü haldır, çünki həmin ərizələr arasında yüksək bal toplayan abituriyentlər də olur. O bildirib ki, real bala uyğun olaraq siyahıda ixtisas seçmək vacibdir: “İxtisas seçimi zamanı 15 ixtisas seçmək mümkündür, lakin bu, bütün xanaları doldurmaq məcburiyyətində olduğunuz anlamına gəlmir. Siz yalnız gələcəkdə həqiqətən oxumaq istədiyiniz ixtisasları seçməlisiniz. İxtisas seçimi zamanı abituriyentlərə müxtəlif məsləhətlər verilir. Onları dinləmək faydalıdır, amma son qərarı özünüz verməlisiniz. Bu sizin müstəqil həyata atdığınız ilk addımdır. Bu, sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır. Buna görə də seçim zamanı öz istəyinizi əsas götürməlisiniz. Nəticələr açıqlananda tez-tez belə fikirlərlə rastlaşırıq: “Mən istəmədiyim ixtisasa qəbul olmuşam”. Bu, əslində, mümkünsüzdür. Əgər siz həmin ixtisasa qəbul olmaq istəmirsinizsə, onu seçim siyahınıza daxil etməməlisiniz. Ona görə də sizə müraciət edirəm: seçiminizi özünüz edin və ərizənizi mütləq özünüz təsdiqləyin”.

Qeyd edək ki, son illərdə kodlaşdırma mütəxəssisləri ortaya çıxıb. Repetitorluq başa çatdıqda, kod-meykerlər işə başlayır. Abituriyentlərə ödənişli xidmət təklif edir, kodlaşdırmanı düzgün aparacaqlarını vəd edirlər. Valideynlərin istəyi isə fərqli olur. Bəziləri kod-meykerlərə “necə edirsən et, təki uşaq hansısa ali məktəbə düşsün”, deyir, daha real düşüncə sahibləri isə gələcəyin ixtisaslarını seçir.      

Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirdi ki, M.Abbaszadənin iradları əsaslıdır: 

- Bir çoxları ixtisas seçimi, kodlaşdırma üçün konkret şəxslərə müraciət edirlər. Qeyd edim ki, DİM rəsmi saytında bütün ixtisas qrupları üzrə seçimlərdə nələrə diqqət edilməlidir, videomaterial əsasında təqdim olunur. DİM sədri özü abituriyentlərə bunu başa salır, video təqdim edilir. Yaxşı olardı ki, valideynlər də, abituriyentlər də DİM-in dim.gov.az saytına daxil olub, maraqlansınlar, M.Abbaszadənin çıxışını izləsinlər. İxtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Kitabxanaçılıq, arxiv işi, sosiologiya, müəllimlik, mühasibat, təsviri incəsənət, turizm işinin təşkili, rus dili filologiyası, menecment, tərcümə (ərəb, rus, fars dilləri) – bu və bu kimi onlarla ixtisasa əmək bazarında getdikcə ehtiyac azalır. Ehtiyac duyulan ixtisaslar sırasında isə süni intellekt mühəndisliyi, data analitika, kibertəhlükəsizlik, rəqəmsal pedaqogika, ağıllı kənd təsərrüfatı, bio-informatika, yaşıl enerji texnologiyaları, kodlaşdırma və hüquq texnologiyaları ixtisaslarıdır. Amma görürük ki, bu sahələr üzrə nə proqram var, nə müəllim, nə dərslik. Heç doğru-düzgün istiqamət də yoxdur. Təhsil sistemi əmək bazarının arxasınca sürünməməli, ondan öndə getməli, özü əmək bazarına müasir, yeni ixtisaslar diktə etməlidir. Nə bir plan var, nə də strategiya. Köhnə siyahı, dəyişməyən ixtisas kodları, boş diplomlar. Bu gün düzgün ixtisas seçimi aparmayan gənc sabah işsiz qala bilər. Gələcəyə yönəlik seçim olmalıdır. Seçimdə səhvə yol vermək, baha başa gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
50
sherg.az

10Mənbələr