AZ

8 avqust Vaşinqton razılaşmaları Saakaşvilini niyə narahat etdi? - "Mən bundan qorxurdum"...


Xaqani Cəfərli: "Xəzər dənizini Qara dənizlə birləşdirəcək kanal çəkilsə, o zaman Azərbaycan və Gürcüstan rəqabətə davamlı dəhliz qazanmış olar"

Sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvili bildirib ki, onun hakimiyyəti dövründə demokratik Gürcüstan xarici investisiyalar üçün cəlbedici olmuşdu: “Mənim vaxtımda qurulan geniş beynəlxalq əlaqələr və sürətli Avro-Atlantik inteqrasiyanın başlanması bizi gücləndirmişdi. Bunlar təhlükəsizliyimizin zəmanəti idi, tranzit funksiyamızı və xüsusilə demokratik sistemimizi qorumaq üçün Buş 2008-ci ildə 6-cı donanmanı göndərmişdi.

İvanişvili gürcü demokratiyasını məhv etdi, Gürcüstanı əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunlara görə biz tranzit qovşağı funksiyasını itiririk. Amerikanın Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması bu dəfə Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Bəli, məhz biz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, Qırmızı körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) “dəmir pərdə” enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq”.

Saakaşvili iddia edib ki, Laziki limanı layihəsi Gürcüstanın mövcud limanları kimi öz mənasını itirir, ölkə əhalisi isə sürətlə yoxsullaşır:

“Amerika və Avropa ilə strateji müttəfiqliyin kəsilməsi bizi bu yerə gətirib çıxardı. Bütün bunların avqust müharibəsinin ildönümündə baş verməsi necə də ironikdir”.

Saakaşvilinin qorxu və ya nigaranlığı nədən qaynaqlanır?

Politoloq Xaqani Cəfərli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ölkəsinin “Gürcü Arzusu” iqtidarının siyasəti nəticəsində əsas müttəfiqlərindən təcrid olunması fikri həqiqəti əks etdirsə də, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu”nun (TRIPP) açılışı ilə “Qırmızı körpü”də “dəmir pərdə”nin enəcəyi doğru deyil. Bu mövqe daha çox rəqibinin cəmiyyətdəki dəstəyini azaltmaq üçün mənzərəni tündləşdirmək cəhdidir. Çünki TRIPP-in açılması bütövlükdə Gürcüstanın tranzit əhəmiyyətini azaltmır. Xüsusilə də yük daşımalarında Gürcüstan variantı alternativsiz olaraq qalır. Çünki Gürcüstan üzərindən açıq dənizlərə çıxış imkanı var. Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarlarına daşınmasında da Gürcüstan yolu hələlik alternativsizdir. Ermənistan üzərindən yeni kəmərlərin çəkilişi çox böyük vəsait tələb edir. Halbuki, Gürcüstan üzərindən keçən kəmərlərin ötürülücük qabliyyətinin artırılması üçün daha az vəsait tələb olunur. Üstəlik, yeni kəmərlərin çəkilişi uzun müddətli zaman tələb edir. Gürcüstan üçün əsas təhlükə TRIPP-in açılışı deyil, “Gürcü Arzusu” iqtidarının siyasətidir. Xüsusilə də, Anakliya dərin özüllü dəniz limanının Çinə satılması və yaxud icarəyə verilməsi Qərbi TRIPP-in ötürücülük qabliyyətinin artırılmasına vadar edə bilər. Anakliya dərin özüllü dəniz limanı ətrafında son günlər baş verən proseslər belə bir ehtimalın əsassız olmadığını göstərir. Qənaətimcə, Gürcüstanın keçmiş prezidenti və tərəfdarları əsas diqqətlərini məhz bu sahəyə yönəltməlidirlər. Gürcüstanın tranzit əhəmiyyətini artırmaq üçün Tiflisin qarşısında duran əsas vəzifə Abxaziya üzərində nəzarəti bərpa etməkdir. Əgər bu vəzifəni yaxın zamanlarda həyata keçirmək, Abxaziyanın dəniz limanlarını Azərbaycanın iştirakı ilə işlətmək mümkün olsa, Gürcüstanın tranzit dövlət kimi əhəmiyyəti də artar. Ən nəhayət, perspektivdə Xəzər dənizini Qara dənizlə birləşdirəcək kanalın çəkilişi də var. Əgər bu kanalı çəkmək mümkün olsa, o zaman Azərbaycan və Gürcüstan rəqabətə davamlı dəhliz qazanmış olar.

Akif NƏSİRLİ

Seçilən
10
4
baki-xeber.com

5Mənbələr