“İran, Rusiya ilə olsa da, olmasa da Qafqazda Amerika dəhlizinin inşasının qarşısını alacaq. Çünki bu dəhliz regionun təhlükəsizliyinə təhdiddir, onun geosiyasi xəritəsini dəyişir”. Bunu “Tasnim” agentliyinə müsahibəsində İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.
O vurğulayıb ki, İran həmişə Zəngəzur dəhlizi adlandırılan layihəyə qarşı çıxıb, çünki bu, sərhədləri dəyişdirə, Ermənistanı parçalaya və İranın regiona çıxış imkanlarını məhdudlaşdıra bilər. Vilayətinin sözlərinə görə, Türkiyə və Azərbaycan bu planı daha əvvəl irəli sürdükləri zaman, İran onu əngəlləməyə hazır olduğunu göstərmək üçün ölkənin şimal-qərb sərhədlərində bir neçə hərbi təlim keçirib. Maraqlıdır ki, bu hədələyici bəyanatdan öncə İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılmasını alqışlayıb, bunu regionda davamlı sülhün əldə olunması yolunda mühüm addım sayıb. Tehran həmçinin öz sərhədlərinə yaxın ərazilərdə istənilən xarici müdaxilənin bölgənin təhlükəsizliyi və davamlı sabitliyi üçün doğura biləcəyi mənfi nəticələrdən narahatlığını bildirib. İranın Xarici İşlər Nazirliyi bəyan edir ki, İran özünün milli hüquq və maraqlarını qorumaqdan ötrü bütün siyasi, hüquqi və iqtisadi tədbirləri görmək öhdəliyini bir daha təsdiqləyir. Tehran vurğulayır ki, kommunikasiya yollarının açılması və nəqliyyat əlaqələrinin bərpası yalnız qarşılıqlı fayda, milli suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri çərçivəsində və xarici müdaxilə olmadan gerçəkləşərsə, sabitlik, təhlükəsizlik və iqtisadi inkişafa töhfə verə bilər. Tehran 3+3 mexanizmini yada salır, regionda sülhün, sabitliyin qorunması məqsədilə Azərbaycan və Ermənistanla əməkdaşlığı ikitərəfli və regional təşəbbüslər, o cümlədən bu formatda davam etdirməyə hazır olduğunu bildirir. Xatırladaq ki, 3+3 formatı Cənubi Qafqazın 3 ölkəsi üstəgəl Rusiya, İran və Türkiyənin əməkdaşlığını nəzərdə tutur. Bu formatda bir neçə görüş keçirilsə də, son illər intensiv əməkdaşlıq azalıb. Bir müddət öncə İranın Ali Lideri Ayətüllah Əli Xameneinin baş müşaviri “region daxilində və ya xaricindəki ölkələri” Azərbaycan üçün Ermənistanın İranla həmsərhəd bölgəsindən keçəcək quru dəhlizi əldə etməyə çalışmağı dayandırmağa çağırıb. Bir daha qeyd edək ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq. Söhbət burada məhz Zəngəzur dəhlizindən gedir. Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı cəfəng fikirlər səsləndirsə də İran prezidenti Məsud Pezeşkian fərqli mövqe sərgiləyir. O, məsələ ətrafında İranda yaradılan ajiotajın həqiqəti tam əks etdirmədiyini bildirib: “Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib. Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur”. Onun sözlərinə görə, Zəngəzur marşrutu haqda bütün tərəflərin istəkləri nəzərə alınıb. Pezeşkian bildirib ki, ərazi bütövlüyü çərçivəsində İranın yolunun bağlanmaması nəzərdə tutulub. İran teleqram kanalalrı bildirir ki, Pezeşkian bu prosesin detalları barədə əvvəldən məlumatlı olub. Bu da onun Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin təsadüfi deyil, düşünülmüş diplomatik strategiyaya söykəndiyini göstərir. Analitiklər hesab edirlər ki, İran prezidentinin bu yumşaq mövqeyi Cənubi Qafqazda sülh prosesinə əlavə təkan verə, həmçinin Tehranla Bakı arasında dialoqun intensivləşməsinə şərait yarada bilər.
Bu fonda İranın xarici işlər naziri Abbas Əraqçı Zəngəzur məsələsində dəhliz mübahisəsinin tamamilə aradan qalxdığını bildirib: “Biz dəfələrlə Ermənistan və Azərbaycanla Zəngəzurla bağlı danışmışıq və Ermənistan xarici işlər naziri ilə telefon danışığımız olacaq. Ermənistan xarici işlər nazirinin müavininin də İrana səfəri planlaşdırılır. Biz Ermənistan və Azərbaycan arasında istənilən sülhü alqışlayırıq. Biz regiondakı bütün ölkələrin öz torpaqları üzərində tam suverenliyini tələb edirik və regiondakı bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edirik. Biz beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik. Azərbaycan və Ermənistanın birgə bəyanatında da bu elementlər nəzərə alınıb və hörmət edilib. Dəhliz müzakirəsindən tamamilə imtina edilib və indi tranzit yolun müzakirəsi Ermənistanın suverenliyi altındadır”. Buna rəğmən, İran parlamentinin sədr müavini Əli Nikzad Zəngəzur dəhlizi ilə bağlı sərsəm açıqlama verib. İranlı deputat dəhliz planını tənqid edib və bildirib: "Bu dəhliz sülh üçün deyil, müharibə üçün nəzərdə tutulub". Parlament rəsmisi ABŞ prezidentinin 13 min kilometr uzaqlıqdan bölgənin işlərinə müdaxiləsini və burada hərbi şirkətlərin yerləşdirilməsini sual altına alıb və tərəfləri "əvvəlki razılaşmalara əməl etməyə çağırıb".
Samirə SƏFƏROVA