AZ

Azərbaycan deputatından Matveyevə SƏRT CAVAB

ain.az, Modern.az saytına istinadən bildirir.

Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev Azərbaycana və ölkəmizin Ukraynaya növbəti humanitar yardımı qərarına qarşı paylaşdığı ictimai fikirləri ilə diqqət çəkib.

Azərbaycanın Ukraynaya növbəti dəfə humanitar yardım göstərmək qərarını “rusofob” addım kimi qiymətləndirən Matveyev Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiv addımlara çağırıb.

Milli Məclisin deputatı Qaya Məmmədov Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyevin 11 avqust 2025-ci ildə gazeta.ru nəşrinə verdiyi müsahibədə səsləndirdiyi fikirləri Modern.az-a şərh edib.

Deputat bildirib ki, Matveyevi narahat edən məsələ humanitar yardım deyil, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması və beləliklə hər iki dövlətin müstəqilliyi əleyhinə onilliklər ərzində rıçaq kimi istifadə edilmiş faktorun aradan qalxmasıdır. 

"Azərbaycanı sistematik rusofobiyada ittiham edən rusiyalı deputatın diqqətinə çatdırmaq istərdik ki, rusofob ölkədə rus teatrı, rus dilində məktəblər və rus dilində nəşrlər olmur. Matveyev və onun kimiləri bilməlidir ki, Azərbaycan əleyhinə belə nankorcasına təbliğat aparmaları Azərbaycanda dövlət büdcəsi hesabına rus dili və mədəniyyətinin təşviqi məsələsinə yenidən baxmağı aktuallaşdırır.

Azərbaycan diasporuna qarşı repressiv tədbirlərə çağıran deputata xatırlatmaq istərdik ki, siyasi motivlərlə bütöv bir etnik qrupun hədəf alınması irqçilikdir. Görünür, cənab Matveyev və onun kimiləri II Dünya Müharibəsində on milyonlarla insanın həyatı bahasına məğlub edilmiş bir ideologiyanı dirçəltmək və tətbiq etmək qərarına qəliblər".

Qaya Məmmədov qeyd edib ki, Rusiya tərəfinin Azərbaycan Hava Yolları təyyarəsinin Rusiya ərazisində vurulması ilə bağlı və ondan sonra nümayiş etdirdiyi bir sıra addımları, o cümlədən, bu yaxınlarda Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına məqsədyönlü şəkildə hava zərbələri endirməsi ikitərəfli münasibətlərin əsaslarını sarsıdır:

"Biz Rusiyanın siyasi dairələrinin Azərbaycana qarşı sözügedən addımlarını pisləyirik. Həmişə faşizm və onun müasir formalarına qarşı mübarizədə ön planda olduğunu iddia edən Rusiya Federasiyasının məsul dövlət qurumlarından deputat Matveyevin ikitərəfli əlaqələrə zərər verən, etnik və dini əsasda nifrət və düşmənçilik yaradan irqçi təbliğatı ilə əlaqədar qanun çərçivəsində tədbir görməyi tələb edirik".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
50
modern.az

10Mənbələr